Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının İdarəedicilər Şurasının Vaşinqtonda keçirilən illik iclasında “Global Finance” işgüzar nəşrinin təsis etdiyi beynəlxalq “World’s Best Banks” mükafatı laureatlarının mükafatlandırma mərasimində “PAŞA Bank” “Azərbaycanın ən yaxşı bankı 2016” mükafatına layiq görülüb.
“PAŞA Bank”ın idarə heyətinin sədri Taleh Kazımov qeyd edib ki, fəaliyyəti dövründə bank ən yaxşı dünya təcrübələrinə əsaslanıb və bu proses davam edir. Bank hazırda Azərbaycan, Gürcüstan və Türkiyədə öz müştərilərinə ən yüksək səviyyədə geniş xidmətlər spektrini təqdim edir. Bazar şəraitinin dəyişməsinə baxmayaraq, 2016-cı ildə bank həm kredit portfelinin keyfiyyətini yüksək səviyyədə təmin edir, həm də biznesin həcmlərini artırır.
Qeyd edək ki, “Global Finance” jurnalı 1987-ci ildən dərc olunur və 180 ölkədə yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, habelə Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.