Prezident İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
FED.az APA-ya istinadən xəbər verir ki, dövlət başçısı AYİB prezidenti ilə mütəmadi olaraq ölkəmizdə və Davosda keçirdikləri görüşləri xatırladaraq Suma Çakrabartinin Azərbaycana müntəzəm səfərlərinin əhəmiyyətini vurğulayıb, bu səfərlərin həyata keçirilən işlər və gələcək planlarla bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Bankla əməkdaşlığının səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Dövlət başçısı Bankın Azərbaycan üzrə kredit portfelinin həcminin 3 milyard dollara yaxın olduğunu vurğulayaraq onun böyük hissəsinin özəl sektora yönləndirilməsinin razılıq doğurduğunu deyib, bunun iqtisadiyyatımızın özəl sektorunun genişlənməsinin yaxşı göstəricisi olduğunu bildirib. Azərbaycan prezidenti qeyd edib ki, bu, həmçinin iqtisadiyyata olan etimadın artmasını nümayiş etdirir və əlavə maliyyə vəsaiti hesabına sahibkarlığa dəstək verməyə kömək edir.
AYİB ilə gələcək əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirən dövlət başçısı hazırda qarşıda digər planların və çağırışların olduğunu deyib. Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq yekunlaşdırıldığını və ya tamamlanma mərhələsində olduğunu deyən prezident qarşıda duran yeni iqtisadi inkişaf proqramının əsas məqsədinin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektora dəstək vermək olduğunu bildirib, bu istiqamətdə böyük imkanların mövcudluğunu qeyd edib. Prezident İlham Əliyev nəqliyyat, yeni logistik mərkəzlərin yaradılması ilə bağlı planların həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət başçısı AYİB prezidenti Suma Çakrabartinin ölkəmizə səfərinin görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün imkan yaratdığını deyib.
Öz növbəsində, Suma Çakrabarti prezident İlham Əliyevlə əvvəlki görüşlərini xatırlayaraq həmin görüşlər zamanı əməkdaşlığımızla bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb, bu səfəri zamanı da əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müəyyən ediləcəyinə əminliyini ifadə edib.
Görüşdə AYİB-nın “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirakı, Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı, özəl sektora dəstək və məişət tullantılarının idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
11:50
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
FED.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.