2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.
Eləcə də bax: Gələn il Azərbaycanda büdcədən iqtisadi fəaliyyətə - 6 Milyard Manat Xərclənəcək
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirir.
Layihəyə əsasən, Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 miyon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq.
Gələn il büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb.
Özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. Bu dövlət büdcəsindən asıllığın aradan qaldırlmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir.