Ötən həftə ərzində müşahidə olunan artımdan sonra dolların əsas valyutalara qarşı məzənnəsi stabildir. İnvestorlar bu gün ABŞ-da bəzi statistik göstəricilərin dərc olunmasını gözləyir.
Avronun dollara qarşı məzənnəsi $1,0984 səviyyəsindədir. Halbuki, cümə günü ticarət sessiyasının sonundan 1 avro 1,0972 dollar idi.
Dolların Yaponiya yeninə qarşı məzənnəsi sabitdir. Ötən sessiyanın sonunda 1 dollar 104,18 yen idisə, hazırda 104,19 yendir.
Avro/yen cütlüyü isə 114,31 səviyyəsindən 114,15-dək enib.
Bu gün (Bakı vaxtı ilə 17:15) Federal Ehtiyatlar Sistemi (FED) ABŞ sənayesinin sentyabr ayı üzrə statistikasını açıqlayacaq. Analitiklərin proqnozuna əsasən, ötən ay avqust ayı ilə müqayisədə ABŞ sənayesində istehsalın həcmi 0,2% artıb. Xatırladaq ki, avqustda bu göstərici 0,4% azalıb.
Bununla yanaşı, bu gün FED rəhbərinin müavini Stenli Fişerin çıxışı gözlənilir. İnvestorlar S. Fişerdən uçot dərəcəsinin artırılması ilə bağlı siqnallar gözləyir.
Cümə günü FED rəhbəri Canet Yellen deyib ki, uçot dərəcəsinin artım tempi olduqca aşağı ola bilər.
Treyderlərin hesablamalarına əsasən, FED-in 1-2 noyabr tarixlərində keçiriləcək toplantısında uçot dərəcəsinin artırılma ehtimalı 17% təşkil etdiyi vaxtda, bazar iştirakçılarının 66%-i dekabrda dolların bahalaşdırılacağını gözləyir.