Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən verilən məlumata görə, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələrinin əksəriyyətinin hərracı rəqabətli şəraitdə keçib. Bundan başqa, budəfəki hərracda qalib şəxslərdən biri onlayn şəkildə qatılan sifarişçi olub.
Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Xətai, Suraxanı, Nərimanov rayonlarında yerləşir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi isə 17-55 kvadratmetr arasında dəyişir.
Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı 2 sifariş verilib. Bu zaman isə investorlar tərəfindən əmlaka edilən təkliflər ard-arda səsləndirilib. Belə ki, əmlakın ilkin start qiyməti 7 min 500 manat olduğu halda, ən son 12 min 200 manata özəlləşdirilib. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 50 kvadratmetrə yaxındır. Bu qeyri-yaşayış sahəsi üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.
Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərraclarla yanaşı hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib. Özəlləşdirilməyə çıxarılan “Toyota Land Cruiser GX” markalı avtomobilə 4 sifariş verilib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 9 min 500 manat olmasına baxmayaraq 13 min 545 manata sahibini tapıb. Qeyd edilməlidir ki, qalib evindən internet vasitəsilə onlayn qatılan sifarişçi olub. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi “Nissan Sunny” olub. Adıçəkilən nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 2 min manata olan “Nissan Sunny” ən son 3 min manata özəlləşdirilib. Qeyd edilməlidir ki, hər iki avtomobilin buraxılış tarixi 2001-ci ildir.
Hərracda özəlləşməyə çıxarılan əmlaklara sifarişlər elektron qaydada verilib. Əmlak Məsələləri Dövlət Komitəsi bütün sahələrdə olduğu kimi özəlləşmədə də elektron xidmətlərin sferasını genişləndirir. Komitənin 32 elektron xidmətindən 8-i özəlləşmə sahəsinə aiddir. Komitənin elektron hərrac xidməti vasitəsilə nəqliyyat vasitələrinin özəlləşdirilməsi elektron müstəviyə keçib. Mühüm yeniliklərdən biri vətəndaşların keçirilən hərracları olduqları yeri tərk etmədən internet vasitəsilə onlayn qaydada canlı izləmək imkanlarıdır.
Bugünkü hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 60 kvadratmetrə yaxın olub.
Keçirilən hərracların nəticələri ilə bu linkdə tanış olmaq olar.
Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Portaldan istifadə edənlərin sayı 700 mindən artıqdır.