Dünyanın ən böyük investisiya şirkətlərindən biri olan "Vanguard Group", Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 ildə ilk dəfə seçkiləri uduzması halında Türkiyənin istiqraz bazarında böyük potensialın ortaya çıxacağını proqnozlaşdırıb.
Türkiyədə seçki ssenarilərinə görə Dollar/TL proqnozu - "DOLLAR 36 LİRƏYƏ YÜKSƏLƏ BİLƏR"
FED.az xəbər verir ki, təxminən 7,1 trilyon dolları idarə edən Vanguard Group Inc-in İnkişaf Etməkdə Olan Bazarlarda Sabit Gəlirli Qiymətli Kağızlar Departamentinin rəhbəri Nik Eisinger, may ayında keçiriləcək prezident seçkisindən əvvəl Türkiyə üçün bəzi "çəki azaltmaq" mövqeləri bağlamağa başladıqlarını bildirib.
Bu addım "Vanguard"ı Ərdoğan dövrünün sona çatması ehtimalı üçün mövqe tutan investorlar sırasına daxil edir. Xarici investorlar lirədəki aktivlərini rekord səviyyəyə endirirlər. Son 5 ildə istiqraz və səhm bazarlarında 60 milyard dollarlıq xaricə axın olub.
Bloomberg-ə danışan Eisinger, “Ərdoğan itirərsə, Türkiyə istiqrazları çox qazanclı ola bilər. Ərdoğan qalib gəlsə, çox güman ki, qeyri-adi faiz siyasəti və kredit ekspansiyasına davam edəcək və o zaman xarici maliyyə çatışmazlığı böyük miqyasda qalacaq”, deyib.
Ərdoğanın yüksək faizlərin inflyasiyanın səbəbi olduğu tezisi ilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2018-ci ildən bəri faiz dərəcələrini aşağı səviyyədə saxlayıb. Bu siyasətin əks təsiri olaraq yüksək inflyasiya, lirənin zəifləməsi və lirədəki alətlərə "iştahın" getdikcə azalması əcnəbilərin ölkəni tərk etməsi ilə nəticələnib.
“Altılı masa” kimi tanınan müxalifətin Millət bloku bu həftənin əvvəlində CHP lideri Kamal Kılıçdaroğlunu prezidentliyə namizəd elan edib. Kılıçdaroğlu deyir ki, onlar Ərdoğanın siyasətini tərsinə çevirəcəklərinə söz verirlər, mərkəzi bankın müstəqilliyini və iqtisadi problemlərə daha bazar dostu yanaşmanı mənimsəyəcəklər.
Türkiyənin dollarla olan istiqrazları bu il rəqiblərini üstələyir. Ən uzunmüddətli dollarda Türkiyə istiqrazı bu il 3,6 faiz bahalaşıb. Bloomberg-in inkişaf etməkdə olan bazar istiqraz indeksində artım 0,4 faizlə məhdudlaşıb. Bloomberg-in tərtib etdiyi məlumatlara görə, "Vanguard"ın inkişaf etməkdə olan bazar istiqraz fondu 2023-cü ildə 1,2 faiz artıb və son beş ildə 17 faiz qazanaraq rəqiblərinin 99 faizini geridə qoyub.
Eisinger deyib ki, müxalifət seçkidə qalib gələrsə, lirənin ucuzlaşmasına icazə veriləcək. Türkiyə hakimiyyəti son altı ayda lirəni nəzarət altında saxlayaraq çox da ucuzlaşmasına icazə verməyib. Bir çox investor bunun lirənin bahalaşmasına səbəb olduğunu bildirib.
Eisenger, “Ərdoğanın uduzduğu ssenaridə valyuta istiqrazları ən yaxşı variantlardan biri ola bilər. Yəqin ki, Türk Lirəsi yeni idarəetmədə zəifləməli olacaq”, -deyib.
"RBC Global Asset Management Fund"da menecer Laurence Bensafi eyni şeyin səhm bazarı üçün də keçərli ola biləcəyinə inanır.
"Sorğular müxalifətin irəlidə olduğunu göstərməyə başlasa, bəzi xarici investorlar geri qayıdacaqlar" Bensafi deyib. (Marja)