Böyük Britaniyanın qlobal maliyyə xidmətləri şirkəti və bankı “Standard Chartered”, Türkiyədə may ayında keçiriləcək Prezident seçkisinin təsirləri ilə bağlı hesabat dərc edib. Hesabatda Dollar/TL məzənnəsi ilə bağlı proqnozlar da yer alıb.
Türkiyənin geyim istehsalçıları daha yüksək məzənnə tələb edir - "DOLLAR 23 LİRƏ OLSUN"
FED.az xəbər verir ki, fevralın 16-da "Standard Chartered"in iqtisadçıları Geoff Kendrick və Farooq Pasha tərəfindən hazırlanan “Türkiyənin qeyri-müəyyən seçkisi” başlıqlı hesabatda, may ayında keçirilməsi planlaşdırılan seçkinin ölkədə iqtisadi vəziyyətin pisləşdiyi və sorğuların hakim (iqtidar) partiyaya tarixən aşağı dəstəyi göstərdiyi bir vaxta təsadüf etdiyi qeyd olunub.
Hesabatda iqtisadçılar, "Bütün bunlarla yanaşı, müxalifətdəki fikir ayrılığı Prezident seçkisinin nəticəsini proqnozlaşdırmağı çətinləşdirir. Ümumi konsensus budur ki, AKP-MHP ittifaqı parlamentdə üstünlüyü itirə bilər. Seçkidən sonra yeni ittifaqlar və azlıq hökuməti kimi çoxsaylı ssenarilər də mümkündür", - qeyd ediblər.
Hesabatda, “Türkiyənin iqtisadi vəziyyəti pisləşməkdə davam edir. 2022-ci ildə 72 faiz olan orta inflyasiyanın 2023-cü ildə 50 faiz olacağını təxmin edirik. Müvafiq olaraq, yaşayış xərci böhranı iqtisadi artıma təzyiq edir; ÜDM artımının 2022-ci ildəki 4,5 faizdən 2023-cü ildə 3 faizə enəcəyini proqnozlaşdırırıq", - bildirilir.
USD/TL proqnozlarının orta nöqtəsi 28 TL-dir
Hesabatda, qeyri-ənənəvi pul siyasətinin uzunmüddətli ticarət kəsiri və maliyyələşdirilməsi çətin olan cari əməliyyatlar hesabının kəsiri ilə nəticələndiyi bildirilir.
Hesabatda, ""Digər pul daxilolmaları" 2022-ci ildə tədiyə balansı stressinin təsirini azaltmağa kömək etsə də, bunu davam etdirmək çətindir və seçkidən sonra maliyyələşmə üçün başqa mənbələrə ehtiyac olacaq. Mövcud qeyri-ənənəvi siyasətlərdən (heterodoks) imtina adekvat portfel axınını cəlb edə və iqtisadiyyat uyğunlaşmağa çalışarkən boşluqları aradan qaldırmağa kömək edə bilər”, - ifadələrinə yer verilib.
İqtisadçılar belə bir ssenaridə (ümumi qəbul edilmiş təcrübələrdən ibarət olan iqtisadi siyasətə ( ortodoksal) dönüş) dollar/TL məzənnəsinin 2023-cü ilin sonuna doğru 20 türk lirəsi civarında olacağını proqnozlaşdırırlar.
İqtisadçılar, mövcud siyasətlərin (ənənəvi baxış və yanaşmalardan kənar siyasətlərin (heterodoks)) davam etməsi vəziyyətində, türk lirəsinin dəyər itirəcəyini və 2023-cü ilin sonuna qədər dollar/TL məzənnəsinin 36 türk lirəsi səviyyəsində olacağını proqnozlaşdırırlar.
İqtisadçılar, “İl sonu dollar/TL proqnozumuz 28 lirə səviyyəsindədir ki, bu da iki fərqli seçki nəticəsinə (Ərdoğanın qazanması və ya uduzması) dair təxminlərimizin orta nöqtəsidir. Biz ssenarilərimiz üçün 50-50 faiz ehtimal görürük", - bildiriblər. (Marja)