FED.az Bloomberg-ə istinadən bildirir ki, ticarət həftəsinin ikinci günündə yen dollar və avro qarşısında bir qədər də bahalaşıb. Bakı vaxtı ilə saat 11.00-a olan məlumata əsasən, dollar/yen (USD/JPY) cütlüyü 109,72-dən 109,29-a, avro/yen (EUR/JPY) cütlüyü isə 130,53-dən 130,12-yə enib.
Sidneydə yerləşən National Australia Bank-ın analitiki Rey Ettril Bloomberg-ə bildirib ki, yapon yeni, nə qədər qəribə olsa da, ölkəsinin coğrafi cəhətdən gərginlik nöqtəsinə yaxın olmasına baxmayaraq, öz etibarlılığını qoruyub saxlayır. Belə ki, Yaponiya xaricdə ən çox maliyyə ehtiyatı olan dövlət olaraq qalır.
İsveçrə frankı da əsas valyutalar qarşısında bahalaşır. Bakı vaxtı ilə saat 11.15-ə olan məlumata əsasən, ABŞ dolları 0.16%, avro 12%, funt-sterlinq isə 6% franka nisbətdə ucuzlaşıb.
Ötən həftəni 1.330 dollar/unsiya ilə başa vuran qızıl cari həftəyə 10 dollar daha artıq qiymətlə başlayıb və artıq ikinci gündür ki, bu hədd yaxınlığında tıcarət olunur.
Xatırladaq ki, Asia Business Daily qəzetinin yaydığı xəbərə görə, hidrogen bombasının uğurlu sınaqlarından sonra Şimali Koreya qitələrarası ballistik raket buraxmağa hazırlaşır. Raketin sınaqları şənbə gününədək reallaşa bilər.
Bu arada, ABŞ prezidenti D.Tramp başda olmaqla ölkənin bir sıra rəsmiləri Şimali Koreyanın ünvanına sərt tənqidlər səsləndiriblər və bu addımların cavabsız qalmayacağını bildiriblər. Artıq ABŞ-la Cənubi Koreya arasında yarımadada yeni silah komplekslərinin yerləşdirilməsi barədə ilkin razılıq da əldə olunub.
CNBC-nin məlumatına görə, BRİKS ölkələrinin Çinin Syamen şəhərində keçirilən sammitində çıxış edən V.Putin isə Şimali Koreya ətrafında hərbi gücün artırılmasının qlobal fəlakətlə nəticələnə biləcəyini bəyan edib. O, bildirib ki, sanksiyalar siyasəti artıq təsirini itirib və Ş.Koreya öz təhlükəsizliyinə əmin olmadıqca nüvə proqramını davam etdirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır