ABŞ-dan gələn müsbət iqtisadi xəbərlər fonunda dolların əsas valyutalara qarşı dünəndən başlayan müsbət dinamikası bugün də davam edir. İqtisadi artım tempinin gözləniləndən daha artıq olması qiymətli kağızlar bazarında da pozitiv əhval-ruhiyyə yaradıb.
FED.az CNBC-yə istinadən məlumat verir ki, hazırda beynəlxalq birjalarda treyderlər dolların alışına üstünlük verirlər. Belə ki, dünən açıqlanan ABŞ-da ikinci rüb üzrə ÜDM göstəricisi, eləcə də özəl sektorda çalışanların sayı gözləniləndən daha yüksək olub. Bugünki Asiya sessiyasında dərc olunan məlumatlar, xüsusən də Çində istehsal sektorunda işgüzar fəallıq indeksinin gözləntiləri üstələməsi dolların bir qədər də bahalaşmasına səbəb olub. Hazırda USD/JPY 0,32% artaraq 110,59, AUD/USD isə 0,04% azalaraq 0,7892 səviyyəsindədir. Dollar indeksi 0,15% artaraq 93,00 həddinə çatıb.
Fond birjası da pozitiv iqtisadi məlumatlara müsbət reaksiya verib. ABŞ indeksləri ticarət gününü “yaşıl” zonada tamamlayıb. Asiyada isə vəziyyət fərqlidir. Yaponiya (Nikkei 225) və Avstraliya (S&P/AUX 200) səhm bazarı artım nümayiş etdirsə də, Honq-Konq (Hang-Seng) və Cənubi Koreya (KOSPI) fond indeksləri “qırmızı” zonadadır.
Bu arada, “Moody’s” beynəlxalq reytinq agentliyi ABŞ-ın iqtisadi artım proqnozunu aşağı salıb və əksinə, üç əsas Avropa ölkəsi üzrə proqnozunu artırıb. Agentlikdən bildiriblər ki, bu il avrozona üzrə iqtisadi artım tempi “orta səviyyədən yüksək” olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Dollar bahalaşır, “Moody’s” avroya dəstək verir
11:06
31 Avq 2017