"Deutsche Bank" Avropa İttifaqını tərk etmək niyyətində olan Böyük Britaniyadan Almaniyanın Frankfurt şəhərinə 350 mlrd. dollar çıxara bilər. Bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən yazır.
Mənbə qeyd edir ki, proses 2018-ci ilin sentyabrında başlaya və 2019-cu ilin martında başa çata bilər.
Bu yaxınlarda "Deutsche Bank"ın baş icraçı direktoru Con Krayan əməkdaşlarına etdiyi müraciətdə bildirib ki, əməliyyatların mütləq əksəriyyəti Frankfurta köçürüləcək. C. Krayan detalları açıqlamayıb.
"Bloomberg" başqa bir mənbəyə istinadən yazır ki, bank aktivlərinin bir hissəsini, o cümlədən yüzlərlə əməkdaşını və 20 min müştəri hesabını Frankfurta köçürəcək.
"Deutsche Bank"ın mətbuat katibi Monika Şaller məsələyə münasibət bildirmək istəməyib.