Azərbaycan Banklar Assosiasiyasından FED.az-a bildirilib ki, son 1 həftə ərzində daha 4 bank və 1 bank olmayan kredit təşkilatı (BOKT) Bank Ombudsmanı ilə müqavilə imzalayıb.
“Bank Ombudsmanı”nın Məsul Katibi Elçin Həsənovun BBN.az saytına verdiyi açıqlamaya əsasən, “Kapital Bank” ASC, “AFB Bank” ASC, “Paşa Bank” ASC, “AtaBank” ASC və “Aqrarkredit” BOKT da müraciətlərə Bank Ombudsmanı tərəfindən baxılması üçün razılıq vermək haqqında bəyannaməni imzalayıblar.
Onun sözlərinə görə, banklarla əvvəlcədən bu məsələ ətrafında danışıqlar aparılırdı və banklarda fəaliyyət göstərən hüquqşünaslar bəyannamə ilə daha yaxından tanış olmaq üçün vaxt istədiklərini bildirdilər.
E.Həsənov bankların Bank Ombudsmanı ilə razılığa gəlmələrində təbliğatın da böyük rolunun olduğunu qeyd edib. Belə ki, Bank Ombudsmanının saytının fəaliyyətə başlaması, bu barədə televiziyalarda xəbərlərin, verlişlərin efirə getməsi ictimaiyyəti və eləcə də bankları bu qurumla daha yaxından maraqlanmağa sövq edib.
Həmçinin qurumun məsul katibi bildirib ki, Bank Ombudsmanı ilə bəyannamə imzalayan bankların sayında yenə də artım gözlənilir.
Hazırda 23 bank və 1 bank olmayan kredit təşkilatı (BOKT) Bank Ombudsmanı ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub.