Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nı təsdiq edib.
Bu Qaydalar bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinə dair prudensial normativləri və tələbləri müəyyən edir.
Yeni Qaydaların qüvvəyə minməsi ilə əlaqədar Mərkəzi Bankının İdarə Heyətinin 16.06.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsinə dair Qaydalar” ləğv olunub. Tənzimləyicinin dəyişməsi, yəni Mərkəzi Bankın bu sahədə səlahiyyətlərinin artıq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yerinə yetirilməsi istisna ilə, yeni və köhnə Qaydalar arasında hər hansı fərq yoxdur. Beləliklə, Maliyyə Bazarlarına Nəzarət Palatasının BOKT-yə verdiyi lisenziyada ona girov əmanəti qəbul etmək üçün xüsusi icazə verildiyi hallar istisna olmaqla, BOKT-nin hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır. Fəaliyyətdə olan BOKT-lar üçün Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər, onlarda dəyişikliklər BOKT-lara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, kapitalın minimum miqdarına aid tələblərdə dəyişikliklər isə BOKT-lara rəsmən bildirildikdən sonra bir ildən tez olmayaraq qüvvəyə minir. BOKT-nin minimum nizamnamə (şərikli) kapitalı, habelə qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları pul şəklində ödənilməli və yalnız manatla formalaşdırılmalıdır. BOKT-lərin nizamnamə (şərikli) kapitalına (əmlak haqlarına) dair minimum tələblər aşağıdakı kimi müəyyən edilir:
- kommersiya hüquqi şəxs kimi yaradılan BOKT üçün - 300 min manat;
- qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan (fond) BOKT üçün - 30 min manat.
Bütün aidiyyəti olan şəxslərə verilən kreditlərin cəminin qalıq məbləği BOKT-nin kapitalının 30 faizindən çox olmamalıdır. Bu normativin hesablanmasına kreditlərlə yanaşı aidiyyəti olan şəxslərə (prinsipal, benefisiar) verilmiş qarantiyalar da daxil edilir.