2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə 9,991 mlrd. manat məbləğində vergi gəlirləri (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi üzrə) daxil olub. Bu, 2019-cu illə müqayisədə 4% azdır.
Eləcə də bax: Hesablama Palatası: Vergi-gömrük sahəsində - İnzibatçılıq Artırıla Bilər
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.
Büdcəyə daxil olan vergi gəlirləri ÜDM-in 13,8%-nə bərabər olub ki, bu da 2019-cu illə müqayisədə 1,1 faiz bəndi çoxdur.
Büdcənin vergi gəlirlərinin 70,76%-i (7,069 mlrd. manatı) Dövlət Vergi Xidmətinin xətti ilə, qalan 29,24%-i (2,922 mlrd manat) isə Gömrük Komitəsinin xətti ilə daxil olub. Vergi orqanlarının xətti ilə daxilolmalar 2020-ci ildə 0,6%, gömrük orqanları xətti ilə daxilolmalar isə 11,4% azalıb.
Qeyd edək ki, 2020-ci il ərzində dövlət büdcəsinə daxil olmuş vergi gəlirlərinin (9,991 mlrd. manat) 48,2%-i əlavə dəyər vergisinin, 23,5%-i hüquqi şəxslərin mənfəət vergisinin, 11,5%-i fiziki şəxslərin gəlir vergisinin, 9,0%-i aksizlərin, 3,1%-i sadələşdirilmiş verginin, 1,9%-i hüquqi şəxslərin əmlak vergisinin, 1,3%-i mədən vergisinin, 1,%-i yol vergisinin, 0,5%-i isə torpaq vergisinin payına düşüb.
Xatırladaq ki, Dövlət Vergi Xidmətinin və Gömrük Komitəsinin xətti ilə təmin olunan büdcə gəlirlərinin ümumi həcmi 11,325 mlrd. manat təşkil edib. Dövlət Vergi Xidməti büdcəyə 7,387 mlrd. manat, Gömrük Komitəsi isə 3,938 mlrd. manat köçürüb. (Apa)