2023-cü ilin 6 ayı üzrə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 5.2 milyard və ya ÜDM-in 14.5%-ni təşkil edib (2022-ci ilin 6 ayı üzrə 10.3 milyard profisit olmuşdu).
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı 2023-cü ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir.
Qeyd edilib ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 34.5% azalaraq 8.2 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 37.8% artaraq 3.1 milyard dollar məbləğində olmuşdur.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 10.3 milyard dollar və ya ÜDM-in 27.6%-ni təşkil etmişdi (2021-ci ilin 6 ayı üzrə 1.9 milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.7 dəfə artaraq 12.5 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 17.9% azalaraq 2.2 milyard dollar məbləğində olmuşdu.
Cari əməliyyatlar balansına ölkənin xarici ticarət balansı, xidmətlər balansı, ilkin gəlirlər balansı və təkrar gəlirlər balansı daxildir. Ehtiyat aktivlər - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.