31 dekabr 2016-cı il tarixinə "Azər-Maya" ASC-nin aktivlərinin həcmi 3 mln. 640,262 min manat təşkil edib ki, bu da 2015-ci ili analoji dövrü ilə müqayisədə 37,62% çoxdur.
Şirkətin maliyyə hesabatına əsasən, xəmir mayası istehsalçısının aktivlərinin 2 mln. 737,949 min manatı qısamüddətli, 902,313 min manatı isə uzunmüddətlidir. ASC-nin 1 mln. 971,699 min manatlıq mal və ehtiyatı var.
Hesabat dövründə şirkətin öhdəlikləri 44,94% artaraq 3 mln. 148,343 min manata çatıb ki, bunun 21,477 min manatı uzun və qısamüddətli borcların, qalan hissəsi isə digər öhdəliklərin payına düşür. 2015-ci ilin sonuna şirkətin dövlət büdcəsinə 9,367 min manat vergi borcu olub, lakin 2016-cı ilin sonuna borc öhdəliyi yoxdur.
Ötən il ərzində şirkətin nizamnamə kapitalı dəyişməyərək 444,340 min manat olaraq qalıb.
Şirkət il ərzində 1 mln. 71,108 min manat məbləğində gəlir əldə etdiyi halda, onun xərcləri 1 mln. 47,528 min manat təşkil edib. "Azər-Maya" ötən ili 18 min 864,38 min manat mənfəətlə başa vurub ki, bu da 2015-ci illə müqayisədə 34,30% azdır. Şirkət 4,716 min manat məbləğində mənfəət vergisi ödəyib.
1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər-Maya" ASC yaradılıb. "Azər-Maya" ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycanın tələbatını tam ödəməklə yanaşı Gürcüstana da ixrac edir.
Şirkətin əsas səhmdarı (97,9916%) Hüseyn Mirzəyevdir.