Auditorlar Palatası müəssisə və təşkilatlara xəbərdarlıq edib. Palatanın müraciətində bildirilir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbələrinə uyğun olaraq məcburi auditin subyekti olan hüquqi şəxslər hər il maliyyə hesabatlarının düzgünlüyünü müstəqil auditor rəyi ilə təsdiq etməlidirlər.
"Auditdən keçməyən hüquqi şəxslərin rəhbərlərinə tövsiyə olunur ki, 2016-cı il üzrə maliyyə hesabatlarının təxirə salmadan müstəqil auditor rəyi ilə təsdiq olunmasını təmin etsinlər. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən məcburi auditdən yayınmağa görə inzibati cərimə tətbiq edilməsi nəzərdə tutulub. Azərbaycan prezidentinin "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın təsdiq edilməsi 3 may 2017-ci il tarixli 1361 nömrəli fərmanına müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti Auditorlar Palatasına həvalə edilib", - deyə müraciətdə qeyd edilib.