"Anglo Asian Mining" 2017-ci ilin ilk yarısında "Yapı Kredi Bank Azərbaycan" QSC-dən 2,7 mln. dollarlıq (2,2 mln. dollar və 0,5 mln. dollar) kredit cəlb edib.
Şirkətin yarımillik hesabatında bildirilir ki, kredit 1 illik, 9,5% dərəcəsi ilə cəlb olunub.
Sənəddə qeyd edilib ki, şirkət cari ilin dekabr ayında "Kapital Bank" ASC-dən cəlb etdiyi 1 mln. dollarlıq krediti bağlamaq niyyətindədir. Kredit 2016-cı ilin dekabr ayında 1 illik müddətə və 7% dərəcəsi ilə cəlb olunub. Bu ilin ilk yarısının yekunlarına əsasən, qalıq borc 545 min dollar təşkil edir.
Bununla yanaşı, cari ilin noyabr ayında şirkət "PAŞA Bank" ASC-dən cəlb etdiyi 1,5 mln. dollar məbləğindən krediti bağlamağı planlaşdırır.
Ümumilikdə, cari ilin ilk yarısının sonuna şirkətin 30,5 mln. dollarlıq kredit borcu var ki, bunun 3,875 mln. dolları Azərbaycan Beynəlxalq Bankına, 6,18 mln. dolları "Gazprombank"a, 6,18 mln. dolları "Amsterdam Trade Bank"a, 2,623 mln. dolları "Yapi Kredi Bank"a, 6,19 mln. dolları "PAŞA Bank"a olan borclardır.
"Anglo Asian Mining" 1997-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Həmin dövrdə imzalanan PSA müqaviləsinə əsasən, şirkət ölkə ərazisində 6 qızıl yatağında hasilat işləri aparır. PSA müqavilədə "Anglo Asian Mining" 49%-lik paya malikdir.