Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Texnikabank” ASC-nin balansında olan 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsini Bankda Kreditorlar Komitəsi yaradılmadan satışa çıxarmasına dair səslənən ittihamlara münasibət bildirib.
FED.az xəbər verir ki, bununla bağlı “Report”a açıqlama verən Fondun icraçı direktoru Azad Cavadov bildirib ki, qanunvericilikdə ləğvetmə prosesində olan bankın əmlakının Kreditorlar Komitəsinin razılığı ilə satılması barədə müddəa yoxdur.
“Bağlanmış banklarda Kreditorlar Komitəsinin yaradılması təşəbbüsü bizə məxsusdur. Məqsədimiz şəffaflığı təmin etməkdir. Bundan əvvəl “Royal Bank” ASC-nin əmlakı satılıb, həmin vaxt bankda heç Kreditorlar Komitəsi olmayıb. İstənilən halda biz ləğvetmə prosesində olan bankların əmlakını hərrac yolu ilə, şəffaf şəkildə satırıq və gizli heç bir işimiz yoxdur. Əmlakın neçəyə satılması barədə kreditorlara məlumat verəcəyik. Sadəcə, “Texnikabank”ın ləğvetmə planını məhkəmə hələ təsdiq etmədiyi üçün bu bankda Kreditorlar Komitəsi yarada bilməmişik”, - deyə A.Cavadov qeyd edib.
Xatırladaq ki, bu məsələ ilə bağlı ADIF-ə qarşı ittihamları hüquqşünas, ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov səsləndirib.