2017-ci ilin iyun ayının 1-nə Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin investisiya gəliri -1,6% təşkil edib.
FED.az APA-ya istinadən xəbər verir ki, Qazaxıstanın "Total" agentliyinin məlumatında deyilir ki, Fondun menecmentinin sözlərinə görə, göstəricinin mənfi dinamika nümayiş etdirməsinə səbəb yatırımlar üzrə aşağı gəlirlilik deyil, pensiya aktivlərinin dəyərsizləşməsidir. Buna baxmayaraq, Qazaxıstan Milli Bankı öz proqnozunu dəyişməkdə maraqlı deyil - ilin sonuna investisiya gəliri -1% təşkil edəcək.
Fondun İdarə Heyəti sədrinin müavini Saule Yeqeubayeva bildirib ki, 2017-ci ilin iyunun 1-nə pensiya yığımlarının ümumi məbləği 6,99 trln təngə (iyunun 2-nə artıq bu rəqəm 7 trln təngə həddini aşıb) təşkil edir. İlin əvvəli ilə müqayisədə yığımlar 309,6 mlrd təngə və ya 4,6% artıb.
İlin əvvəlindən əmanətçilərin hesablarına bölüşdürülən xalis investisiya gəliri 114,4 mlrd təngə təşkil edib.
"Pensiya aktivlərinin gəlirliliyi bir sıra amillərdən, o cümlədən aktivlərin bir qədər artıq qiymətləndirilməsindən asılıdır. Belə ki, bu il yığılan xalis investisiya gəlirinə aktivlərin bir qədər artıq qiymətləndirilməsi təsir edib", - deyə S. Yeqeubayeva bildirib.
Onun sözlərinə görə, Fondun investisiya yatırdığı şirkətlərin 21-i problemlidir. İyunun 1-nə emitentlərin Fond qarşısında 45 təngə məbləğində problemli borcu var. Bu məbləğə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) yatırılan 71,3 mlrd təngə daxil deyil. ABB-yə yatırılan məbləğ dövlət bankının xarici öhdəliklərinin restrukturizasiyası başa çatdıqdan sonra nəzərə alınacaq.
"Bu emitentlərin mütləq əksəriyyəti 2006-2010-cu illərdə defolt olub və Fond onlarla təmasdadır. Fondun konsolidasiyası zamanı problemli aktivlərin ümumi məbləği 161 mlrd təngə idisə, hazırda bu rəqəm 45 mlrd təngəyədək azalıb. Bir şeyi də qeyd edim ki, ilin əvvəlindən bu rəqəm artmayıb", - deyə o bildirib.
S. Yeqeubayeva əlavə edib ki, ABB-nin Fond qarşısındakı öhdəliyi 2017-ci ilin mayın 1-nə 71,3 mlrd təngə təşkil edirdisə, hazırda dövlət bankının qiymətli kağızlarına yatırılan investisiyanın məbləği 64,8 mlrd təşkil edir. Onun sözlərinə görə, buna səbəb maliyyə alətinin dəyərdən düşməsidir. Fond rəsmisinin sözlərinə inansaq, ABB-yə yatırılan investisiya 6,5 mlrd təngə və ya 34,450 mln manat dəyərsizləşib.
Bundan öncə "Vahid Pensiya Yığımı Fondu" SC-nin Direktorlar Şurasının üzvü Kayrat Kelimbetov bildirib ki, Fond ABB-nin qiymətli kağızlarına yatırdığı investisiyanın bir qismini - 50 mln dollar qaytarmağı bacarıb.
Direktorlar Şurasının üzvü əlavə edib ki, Fondun ABB-yə yatırdığı investisiya xüsusi sxem üzrə qaytarılacaq.
Xatırladaq ki, ABB xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası ilə bağlı səsvermə prosesinin iyunun 19-dan başlandığını və bu prosesin 18 iyul 2017-ci il tarixində tamamlanacağını açıqlayıb.
Xarici kreditorlardan daxil olmuş müəyyən təkliflərin nəzərə alındığı və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla restrukturizasiya planında bəzi dəyişikliklərin edildiyi bildirilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü restrukturizasiya planında edilmiş dəyişikliklər barədə məlumatlar təqdim edilir:
• Azərbaycan Respublikası tərəfindən buraxılacaq yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edilib. Belə ki, istiqrazlar üzrə ödənişlər son 3 ildə başlayacaq. Bu, əvvəl son 2 il olaraq müəyyənləşdirilmişdi.
• Kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanı verilir. Kreditor xüsusi vəkalət forması və ya səsvermə prosedurundan istifadə etməklə təklif olunan fərqli seçimlərdən istifadə edə biləcək.
• “İlk gələn - ilk seçən” mexanizmi də “ilk 11 iş günü müraciət” edənlərin üstünlüyü mexanizminə dəyişdirilib. Bu müddət ərzində səsvermədə iştirak edən kreditorlar seçimlərinin reallaşmasında müəyyən üstünlüklərə malik olacaqlar.
• Subordinasiya xarakterli və digər (ticarətin maliyyələşdirilməsi üzrə əqdlər istisna olmaqla) öhdəliklər üzrə faizlərin təmin edilməsi şərtləri aşağıdakı şəkildə müəyyənləşdirilir:
- Hesablanmış faizlərlə bağlı tələb hüququ yalnız könüllü restrukturizasiya planının lehinə səs verən iddiaçılara aid olacaq.
- Borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinədək (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq və restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması da bu tarixdən başlanacaq.
- 1 sentyabr 2017-ci il tarixinədək sözügedən öhdəliklərlə bağlı hesablanmış faiz ödənişləri müvafiq paylanma tarixində nağd olaraq iddiaçılara ödəniləcək. Lakin, 1 sentyabr 2017-ci il tarixinə qədər bütün digər hesablanmış, lakin ödəmə vaxtı çatmamış faizlər isə kapitalizasiya ediləcək və iddiaçıların yeni istiqrazlarının əsas məbləğinin hesablanmasında nəzərə alınacaq.