Bilindiyi kimi, artıq Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan “Hərrac Mərkəzi” MMC-ni dövlət qeydiyyatına alınıb və bu yaxınlarda fəaliyyətə başlaması planlaşdırılır.
ABA-dan FED.az-a bildirilib ki, Hərrac Mərkəzinin əsas məqsədi məhkəmə qaydasında və məhkəmə qaydasından kənar ipoteka və digər tip öhdəliklər üzrə girovda olan daşınmaz əmlakların reallaşdırılmasını həyata keçirməkdir. Başqa sözlə, bu mərkəz girovların satılması üçün yaradılmış bir platfomadır.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş istisnalarla girovqoyanın özgəninkiləşdirə bildiyi hər cür əşyalar, qiymətli kağızlar, maddi sərvətlər, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və əmlak hüququ girov qoyula bilər.
Bundan əlavə Hərrac Mərkəzi tərəfindən valyuta hərraclarının keçirilməsi planlaşdırılmır.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.
ABA: Hərrac Mərkəzi tərəfindən valyuta hərraclarının keçirilməsi planlaşdırılmır
12:15
22 Avq 2017