Gürcü mətbəxi ilə xidmət göstərən restoranların təqdim etdikləri menyu təxmini eynilik təşkil etsə də qiymətləri də bir-birindən fərqlənir.
FED.az hər cümə günü ənənəvi olaraq hazırladığı “Ləzzətli yol xəritəsi” rubrikasını davam etdirir. Oxucularımız tərəfindən maraqla qarşılanan bu yazı seriyası çərçivəsində bu dəfə ölkədə fəaliyyət göstərən gürcü mətbəxi ilə xidmət göstərən restoranlarda təqdim edilən yeməkləri və qiymətləri araşdırdıq.
Balıqlı İveria’nın 1 payı 35 manata – “İveria Restaurant”
İnşaatçılar prospektində yerləşən “İveria Restaurant”dan bildirdilər ki, buranın özəl yeməyi restoranın adına uyğun olaraq İveria’dır. Bu yemək, müxtəlif olaraq ət, toyuq və balıqla hazırlanır. Toyuqlu İveria’nın tərkibində toyuq filesi, göbələk, qoz, qızardılmış gürcü pendiri – sluquni və kartof olur. Ət ilə olan İveria tərəvəzlə qızardılmış dana ətindən hazırlanır. Balıqlı İveria’nın tərkibi isə ağ balıq, göbələk, xama, gürcü pendiri – sluquni və holland pendirindən ibarətdir. Balıqlı İveria 35 manata, ətli 18 manata, toyuqlu isə 12 manatadır.
Restorandan dedilər ki, müştərilər daha çox ətli İveria sifariş edirlər. 2 nəfər bu restoranda 2 pay ətli İveria, təzə gürcü salatı, turşu assorti və gürcü limonadı sifariş etsə, ümumi hesab 65 manat edəcək.
Cəmi 18 manat – “Kalakuri Restaurant”
Elmlər Akademiyası metrostansiyanın yaxınlığında - Zahid Xəlilov 43 ünvanında yerləşən “Kalakuri Restaurant”ın gürcü mətbəxi daha zəngin, qiymətləri isə daha münasibdir. Belə ki, “Kalakuri”də saxsı qabda bişirilən Kupati yeməyinin tərkibi mal əti, donuz bağırsağı, sarımsaq, zirinc və qoyun piyindən ibarətdir. 1 payı 6 manatadır.
Yenə saxsı qabda hazırlanan Odjaxuri’nin tərkibinə isə donuz əti, kartof, göyərti, sarımsaq və nar daxildir. 1 payının qiyməti 6 manatdır.
Restorandan bildirdilər ki, gürcü mətbəxinə müraciət edənlər sulu yemək kimi daha çox Salyankaya üstünlük verirlər. 1 payı 5 manata olan Salyanka isə mal əti, turşu, bibər və müxtəlif tərəvəzlərdən hazırlanır.
2 nəfər “Kalakuri”də 2 pay Odjaxuri, təzə salat, göyərti salatı, turşu və gürcü limonadı sifariş etsə, hesab cəmi 18 manat edəcək. Qeyd edək ki, 1 pay Odjaxuri iki nəfərə də kifayət edə bilir.
Gürcü xəngəlinin həvəskarları üçün məlumat verək ki, burada Gürcü xəngəlinin 1 dənəsi 60 qəpiyə, qızardılmış xəngəlin 1 dənəsi isə 80 qəpiyədir. 1 payda 5 dənə Gürcü xəngəli olur. Burada 2 pay Gürcü xəngəli, salat, tkemali və satsibeli sousları, sifariş etsəniz, ümumi hesab 8 manat edəcək.
Qızardılmış xəngəlin dənəsi 1 manat – “Tbilisi Restaurant”
Həsən Əliyev 5A ünvanında fəaliyyət göstərən “Tbilisi Restaurant”da isə ən çox sifariş olunan yeməklərdən biri Ocaxuridir. Bu yeməyin tərkibi ət, kartof, bibər, soğan, sarımsaq müxtəlif ədviyyatlardan ibarətdir. 1 payının qiyməti 7 manatdır.
2 nəfər bu restoranda 2 pay Ocaxuri, gürcü pendiri, təzə salat göyərti salatı, turşu və gürcü limonadı sifariş etsə, ümumi hesab 20-25 manat civarında olacaq.
Qeyd edək ki, burada Gürcü xəngəlinin 1 dənəsi 80 qəpiyə, qızardılmış xəngəlin 1 dənəsi isə 1 manatadır.
Ən çox Gürcü xəngəli sifariş edilir – “Mziuri Restaurant”
Həsən bəy Zərdabi küçəsində yerləşən “Mziuri Restaurant”da Gürcü xəngəlinin 1 dənəsinin qiyməti 70 qəpikdir. 1 payda 5 dənə Gürcü xəngəli olur. Bu yemək gürcüsayağı salat, eyni zamanda, tkemali və satsibeli sousları ilə birgə servis edilir. Əgər bu restoranda 2 pay Gürcü xəngəli, gürcüsayağı salat, eyni zamanda, tkemali və satsibeli sousları sifariş etsəniz, ümumi hesab 10-12 manat arası edəcək.
Özəl yemək Tavaduri – “Udali Restaurant”
M.İbrahimov 7 ünvanında fəaliyyət göstərən “Udali Restaurant”ın özəl yeməyi Tavaduri’dir. Tərkibi mal əti, göbələk, pomidor, soğan və sluquni pendirindən ibarətidir. Tavaduri’nin 1 payının qiyməti 7 manatdır. Bu restoranda 2 pay Tavaduri, təzə gürcü salatı, turşu assorti və gürcü limonadı sifariş etsə, ümumi hesab 20-21 manat edəcək.
Məşhur “Faxralı” – Hesab 17 manat
Süleyman Sani Axundov küəsi, ½ ünvanında yerləşən “Faxralı” restoranında yarpaq və Gürcü xəngəlindən sonra ən çox sifariş olunan gürcü yeməkləri Kupati və Salyankadır. Kupatinin 1 payı 5 manata, Salyankanın 1 payı isə 4 manatadır.
Bu restoranda 2 pay Salyanka, təzə gürcü salatı, turşu assorti, göyərti salatı və gürcü limonadı sifariş etsə, ümumi olaraq 17-18 manat civari hesab ödəməli olacaq.
Bakının gürcü restoranları - QİYMƏTLƏR, SİYAHI
15:05
22 Dek 2017