Yazın gəlişi, təbiətin oyanması və havaların isinməsi istirahət mövsümünün gəlişini siqnallayır.
Bakının məşhur restoranlarında səhər yeməyi setləri – SİYAHI, ÜNVANLAR, QİYMƏTLƏR
Bakının məşhur restoranlarında suşi setləri – SİYAHI, ÜNVANLAR, QİYMƏTLƏR
Bakının məşhur restoranlarında xəngəl setləri – SİYAHI, ÜNVANLAR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, Bakı sakinləri belə havalarda rayonlara və ya ətrafdakı piknik məkanlarına üz tuturlar. İsti havaların gəlməsi ilə birlikdə Bakıda ailəvi istirahət üçün açıq havada piknik planlayanların sayı artır. Şəhər və ətrafında həm ödənişli, həm də ödənişsiz piknik üçün əlverişli yerlər mövcuddur.
FED.az müxtəlif tələblərə cavab verən, ailə və dostlarla rahat vaxt keçirə biləcəyiniz məkanları təqdim edir.
Ödənişli Piknik yerləri
Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi (Binə qəsəbəsi)
Bu mərkəz ailəvi istirahət üçün geniş imkanlar təqdim edir. Giriş haqqı 5 manat olsa da, 5 yaşa qədər uşaqlardan ödəniş tələb olunmur. Piknik üçün 5 litrlik somavar kirayəsi 10 manat, hazır qaynadılmış su ilə isə 20 manat təşkil edir. Kömür 4 manat, şiş 50 qəpikdir.
Əlavə rahatlıq üçün üstü bağlı, yanları açıq bisetkalar həftə içi 5, həftə sonu isə 10 manatdır. Taxta döşəkçəli qapalı bisetkalar isə 30 manatdır. Manqal istifadə etmək isə pulsuzdur və bütün bisetkaların yanında manqal mövcuddur.
Uşaqlar üçün "Survivor" adlı oyun zonası mövcuddur. 12 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş bu əyləncəyə 1 saatlıq giriş 5 manat, limitsiz isə 10 manatdır. Katamaranla göldə gəzinti 15 dəqiqə üçün 9 yaşdan yuxarı uşaqlar üçün 5, 9 yaşdan aşağı uşaqlar üçün isə 3 manatdır. Açıq sahələrdə bisetka rezervasiyası tələb olunmasa da, qapalı yerlər üçün əvvəlcədən müraciət etmək lazımdır.
Omar Atçılıq İstirahət Mərkəzi
Bu mərkəzdə giriş haqqı 5 manat təşkil edir və 3 yaşa qədər uşaqlar pulsuz daxil ola bilər. Girişə avtodayanacaq, mini zoopark, atlarla ünsiyyət və uşaq meydançası daxildir.
At minməyə maraq göstərənlər üçün həftə içi 10 manata 3 dairə, həftə sonları isə 2 dairəlik gəzinti təklif olunur. Poni ilə gəzinti isə 10 manatdır.
Göldə katamaranla 20 dəqiqəlik gəzinti 4 nəfərlik ailə üçün 25 manata, motorlu qayıqla isə 1 dairəlik səyahət 35 manata başa gəlir. Əgər göldə 6-7 nəfər olarsa, əlavə 5 manat ödəniş tələb olunur.
Balıq tutmaq istəyənlər üçün tilov 1 günlük 15 manatdır, lakin şəxsi tilovla da gəlmək mümkündür. Tutulan balıq kiloqramına görə 10 manatla qiymətləndirilir. Balıqçılar üçün ayrılmış bisetka isə 20 manata kirayə verilir.
Ad günü qeyd edənlər tort və su gətirə bilsələr də, digər qida məhsullarının gətirilməsinə icazə verilmir. Ərazidə iki restoran fəaliyyət göstərir.
Ödənişsiz Piknik Məkanları
Əgər istirahətə çox pul xərcləmədən açıq havada vaxt keçirmək istəyirsinizsə, Bakının müxtəlif parkları da piknik üçün əlverişli alternativlər təqdim edir.
Botanika bağı (Badamdar) – Badamdarda Qurd Qapısının yaxınlığda yerləşir. Şəhərdən bir qədər aralı olsa da, təbiətlə baş-başa qalmaq istəyənlər üçün ideal seçimdir. Piknik etmək istəyənlər özləri ilə birlikdə qida və digər zəruri əşyaları apararaq piknik edə bilərlər.
Mərkəzi Park (Köhnə Sovetski ərazisi) – Köhnə Sovetski məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən bu park şəhərin mərkəzində yerləşdiyinə görə rahat və əlçatan məkandır. Ümumilikdə, park 20 hektar əraziyə malikdir ki, bunun 14 hektarında yaşıllıq salınmışdır. Mərkəzi Parkda bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var. Piknik etmek istəyənlər bisetkaları seçə bilərlər.
Dədə Qorqud Parkı– ADA Universitetinin və Bakı zooparkının yanında yerləşir. Uşaq oyun sahələri ilə ailəvi istirahət üçün əlverişlidir. Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər. Yaşıllıq olan sahələr isə piknik üçün idealdır. Piknik etmək istəyənlər özləri ilə birlikdə qida və digər zəruri əşyaları apararaq piknik edə bilərlər.
Heydər Əliyev Mərkəzinin ətrafı – Abadlaşdırılmış yaşıl sahələri ilə tez-tez piknikçilərin seçimi olur. Piknik etmək istəyənlər lazım olan qida və digər vacib ləvazimatları özləri ilə apararaq rahatlıqla istirahət edə bilərlər.
Böyük Şor Göl Parkı – Böyük Şor gölü ətrafında yaradılan ekoloji parkdır. Böyük Şor gölü Bakı şəhərinin Binəqədi və Biləcəri qəsəbələri yaxınlığında yerləşir. Sakit mühit axtaranlar üçün geniş sahələr təqdim edir. Uşaqlar üçün xüsusi oyun meydançaları mövcuddur. Park ərazisində açıq od qalamaq təhlükəli olduğu üçün qəti qadağandır. Piknik üçün yaşıllıq sahələrdən istifadə etmək olar, müəyyən zonalarda kiçik kafe və yeməkxanalar fəaliyyət göstərir. Piknikə gələnlər özləri ilə qida və digər vacib əşyaları gətirərək rahat şəkildə istirahət edə bilərlər.
Gənclik Parkı – Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən meşə tipli parkdır. Asudə vaxtı keçirmək üçün əlverişli və mərkəzə yaxın bir məkandır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksion quraşdırılmışdır. Ərazinin ən görməli yerlərindən biri də park ərazisində yaradılan süni göldür, göldə gəzinti etmek mümkündür. Parkda ziyarətçilər üçün piknik məntəqələri salınmışdır. İstirahətə yollananlar piknik üçün lazım olan yemək və digər ləvazimatları özləri ilə götürərək təbiətdən zövq ala bilərlər.
Çəmbərəkənd Parkı –Səbail rayonunda yerləşən parkda idman və uşaq əyləncə qurğuları quraşdırılmışdır. Piknik üçün bisetkalar və ya qapalı oturacaq yerləri var. Oturacq yerlərində ölçüsü fərqli stollar və skamyalar mövcuddur. İstirahət məkanlarında piknik etmək istəyənlər yanlarında qida və digər lazım olan vasitələri gətirərək istədikləri kimi dincələ bilərlər.
Meşə Parkı – «Şamaxinka»da yerləşən təbii meşəlik şəraiti olan bu məkanda ailə ilə təmiz hava almaq mümkündür. Ərazidə müxtəlif idman qurğuları, uşaq meydançaları, söhbətgahlar və oturacaqlar quraşdırılıb, bu da ailəvi istirahət üçün əlverişli şərait yaradır . Əgər piknik etmək istəyirsinizsə, parkın yaşıllıqla əhatə olunmuş əraziləri və quraşdırılmış oturacaqları bu məqsəd üçün əlverişlidir. Təbiət qoynunda istirahət etmək istəyənlər öz piknik avadanlıqlarını və ərzaqlarını gətirərək piknik edə bilərlər.