Türkiyə hökuməti ölkənin daşınmaz əmlak bazarına yatırım cəlb etmək üçün böyük ipoteka endirim kampaniyasına başlayıb.
FED.az xəbər verir ki, iki ayd müddətinə nəzərdə tutulan kampaniya daha aşağı faizlərlə və daha yumşaq şərtlərlə ipoteka kreditlərinin verilməsini, eləcə də əmlakın daha aşağı qiymətə satışını nəzərdə tutur.
Ekspertlər gözləyir ki, bu kampaniya nəticəsində Türkiyənin əmlak sektoru böyük yatırım əldə edə biləcək.
Kampaniyanın detallarını Türkiyənin ətraf mühit və urbanizasiya naziri Murat Kurum açıqlayıb. Yeni şərtlərə görə, ipoteka ilə əmlak alınarkən əmlak satıcıları qiyməti 10% azaldacaqlar, ilkin ödəniş 20%-dən 10%-ə endirilib, illik ipoteka faizi isə 0,98% olacaq.
Bu şərtlər avqustun 29-da qüvvəyə minib və qarşıdakı 2 ay ərzində, oktyabrın 31-dək davam edəcək.
10%-lik ilkin ödənişlə yanaşı, alıcı 12-24 ay ərzində əmlakın qiymətinin daha 15%-ni ödəməlidir.
Əmlakın dəyərinin qalan hissəsi üçün 120 aylıq (yəni 10 illik) ipoteka krediti açılacaq ki, onun da illik faiz dərəcəsi 0,98% olacaq.
Ekspertlər hesab edirlər ki, indiki şərtləri dövlət tərəfindən verilən ciddi güzəşt saymaq olar. Belə ki, hazırda Türkiyədə ipoteka faizləri onsuz da aşağıdır - ildə 2%.
Müqayisə üçün bildirək ki, Azərbaycanda adi ipoteka kreditləri illik 6-8%-lə, güzəştli kreditlər isə illik 4%-lə satılır.