Sumqayıt şəhərində tikintisi başa çatdırılmamış iri yaşayış obyektinin satışı üzrə hərrac keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hərrac 21 aprel 2026-cı il tarixində saat 10:00-da təşkil olunacaq.
Hərraca çıxarılan əsas obyekt 1242 mənzildən ibarət yarımçıq yaşayış kompleksidir. Obyekt Sumqayıt şəhərində, Xovlu İplik Fabrikinin cənub hissəsində yerləşir və sifarişçi qurum Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir.
Məlumata görə, hərraca çıxarılan obyekt üzrə özəlləşdirilən torpaq sahəsi 30 000 kvadratmetr təşkil edir. Əmlakın ilkin (start) satış qiyməti 13 milyon 370 min manat, torpaq sahəsinin ilkin satış qiyməti isə 1 milyon 500 min manat müəyyən olunub. Beləliklə, hərraca çıxarılan əmlakın ümumi ilkin satış qiyməti 14 milyon 870 min manat təşkil edir. Hərracda iştirak etmək üçün tələb olunan 10 faiz beh məbləği isə 1 milyon 487 min manatdır.
Hərracda iştirak etmək istəyən şəxslər tələb olunan sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim etməlidirlər. Beh məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış müvafiq hesaba köçürülməlidir.
Qeyd edək ki, hərrac Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsində keçiriləcək.
Əlavə məlumat üçün əlaqə telefonu: (01865) 4-47-97.











