Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) mənzil qiymətlərində 46% artım olub.
Bakıda daşınmaz əmlakın qiymətləri - REKORD HƏDDƏ - QİYMƏTLƏR
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqdadır. 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meylləri müşahidə edilib.
Məlumata əsasən, 2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı şərtləndirib. Bununla bərabər, əhalinin sərəncamda qalan gəlirləri üzrə müsbət dinamik a əlçatanlıq indeksinin bençmark göstəricidən yüksək olmasına səbəb olub. Mənzil bazarı illə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən iyun ayının sonunda Bakı şəhəri üzrə təklif edilən median aylıq kirayə haqqı 883 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 22.5 il olmasını şərtləndirir. Bakı şəhəri üzrə təklif olunan orta ev qiymətlərinin orta aylıq nominal əmək haqqına (Bakı üzrə) nisbəti isə 217 ay və ya 18.1 il təşkil edir.
Eyni zamanda vurğulanıb ki, tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artmaqdadır. Bildirilib ki, son dövrlərdə bu tendensiya daha da güclənmiş və bazar aktivliyinin yüksəlməsinə səbəb olub.
Məlumata görə, yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub.
"Ümumilikdə, investisiya axınlarının bərpası, ölkədə həyata keçirilən tikinti-quruculuq işləri, o cümlədən Prezident sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalacağı gözlənilir", - deyə məlumatda qeyd edilib.