Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) növbəti özəlləşdirmə hərracını elan edib. Komitədən FED.az-a verilən məlumata görə, oktyabrın 2-də baş tutacaq hərraca ümumilikdə 93 dövlət əmlakı çıxarılıb. Onlardan 21-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 30-u qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Oktyabrın ilk hərracına səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45% olan səhm paketləri çıxarılıb. Əli Bayramlı Kimyəvi Təmizləmə, Neftçala Ət, Tovuz Məişət və digər səhmdar cəmiyyətləri investorlara müxtəlif iqtisadi sahələr üzrə seçim imkanı verir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtla yanaşı, müxtəlif rayon və şəhərlərdə yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12 kv.m ilə 11 min 266 kv.m arasındadır. Prosesdə özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrdən biri də Şəki rayonu, Şorsu kəndində yerləşən Əmlak kompleksidir. Sahəsi 91 min kv.m-dən yuxarı olan torpaq ərazisi ilə birgə hərraca çıxarılan bu obyektin ümumi faydalı sahəsi 2 min 889 kv.m-dir.
Qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 6 kv.m və 288 kv.m intervalındadır. Bu obyektlərin 19-u Bakıda, digərləri isə Sumqayıt, Gəncə, Ağdaş və Daşkəsən şəhərlərində yerləşir. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 163 kv.m, təyin olunmuş ilkin hərrac qiyməti isə 25 min manatdır.
Bu dəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1994-2006 illəri əhatə edir. Bu avtomobillər Qaz, Hyundai, BMW və Mercedes kimi markalara aiddir.
Qeyd edək ki, hər kəs komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə dövlət əmlakları haqqında ətraflı məlumat əldə edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Sahəsi 12 kvadratdan başlayan obyektlər - SATIŞA ÇIXARILDI
13:25
3 Sen 2018