Cari ilin iyulunda təkrar mənzil bazarında qiymətlərdə 2,22 faiz azalma baş verib. Ancaq ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər 2,64 faiz artıb.
Eləcə də bax: Daşınmaz əmlakın qanuniliyini necə bilmək olar?
FED.az xəbər verir ki, bu barədə ölkədə daşınmaz əmlak bazarının təhlilini aparan “MBA Group” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib.
O bildirib ki, təkrar mənzil bazarında bahalı və orta qiymətli mənzillərdə qiymətlər iyul ayında demək olar ki, sabit qalıb. Lakin 2019-cu ilin eyni dövrünə nisbətən bahalı mənzillərin qiymətlərində 4,11 faiz azalma qeydə alınıb. Orta qiymətə olan mənzillərdə isə 1,01 faiz artım olub. Ucuz mənzillərin qiymətləri daha da azalıb. Bu seqmentdə ay ərzində 2,18 faiz ucuzlaşma qeydə alınıb. Ötən illə müqayisədə isə qiymətlər sabit qalıb.
Şirkət rəhbəri qeyd edib ki, ilkin mənzil bazarında mənzillərin ucuzlaşması müşahidə edilib. İyulda qiymətlərdə 2,7 faiz azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymət 2,62 faiz artıb. İlkin mənzil bazarının ayrı-ayrı seqmentlərində isə ucuzlaşma olub. Bahalı mənzillərin qiyməti 1 faiz, orta qiymətli mənzillərin qiyməti isə 4,45 faiz azalıb. Nisbətən ucuz mənzillərin qiymətində 3,43 faiz azalma olub.
N.İbrahimov vurğulayıb ki, ilkin və təkrar mənzil bazarında ucuzlaşmada mövsümi amillər özünü göstərib. Yay aylarında, adətən, bu seqmentlərdə aktivlik aşağı olur: “Pandemiyanın yayılması səbəbindən kirayə mənzillərə tələbat azalıb. Bu səbəbdən kirayə qiymətlərində ay ərzində 3,03 faiz azalma baş verib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə azalma daha çoxdur - 8,57 faiz. Fərdi yaşayış və bağ evlərinin kirayəsində isə mövsümlə əlaqədar iyulda 4,5 faiz artım qeydə alınıb. (Azərtac)