Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 2-də keçiriləcək növbəti hərrac barədə elan verib.
FED.az Komitəyə istinadən xəbər verir ki, həmin gün daşınmaz əmlaklarla yanaşı müxtəlif vaxtlarda dövlətin xeyrinə müsadirə edilən maşınlar və digər mallar da satışa çıxarılacaq. Onların qiyməti 15 manatdan başlayır. Xətai rayonunda müsadirə edilən "Samsung" markalı mobil telefon bu qiymətlə təklif edilir. Onu almaq üçün cəmi 1 manat 50 qəpik beh ödəyib hərraca qoşulmaq olar.Binəqədi rayonunda müsadirə edilən "Huawei" markalı telefonun ilkin satış qiyməti isə 35 manat müəyyən olunub. Bu hərracda iştirak etmək üçün 3 manat 50 qəpik beh ödəmək kifayətdir.
Həmin gün hərracda ucuz maşınlar da satılacaq. Onlardan ən ucuzunun ilkin satış qiyməti 500 manatdan başlayır. "Peugeot 405 GLX" markalı maşın Xətai rayonunda müsadirə olunub. Onu almaq istəyən vətəndaşlar cəmi 50 manat beh ödəyərək hərraca qoşulacaqlar.
Səbail rayonunda müsadirə olunan "BMW-730" markalı maşın isə 800 manata satılır. 80 manat beh ödəyərək maşının hərracına qatılmaq mümkündür.
Sumqayıtda müsadirə edilən "Qazel" markalı maşını isə 1 750 manata almaq olar. Bunun üçün 175 manat beh ödəmək kifayətdir.
Qeyd edək ki, hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlakla tanış olmaq və sifariş vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilərlər. Hərraclarda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10 % həcmində beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Sifarişlər və aşağıdakı sənədlər (elektron xidmət vasitəsilə verilən sifariş istisna olmaqla) Hərracların Təşkili üzrə Auksion Mərkəzində hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək qəbul olunacaq.
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
- aşağıdakı hesaba 10% behin köçürülməsini təsdiq edən sənədin surəti;
Müsadirə edilərək hərraca çıxarılan əmlaklar barədə daha ətraflı buradan tanış ola bilərsiz.