Sosial şəbəkələrdə onkoloji xəstə olduğu deyilən Cəfərova Fatma Müslüm qızına məxsus neft mədəni ərazisindəki evin SOCAR əməkdaşları tərəfindən sökülməsini iddia edən videogörüntü yayılıb.
Eləcə də bax: "Bu evi SOCAR sökməyib"
Videodan məlum olur ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin ərazisindəki qanunsuz tikilinin üzərindən xalqın hörmət etdiyi şəxslərin şəkilləri asılıb və tikinti sahibləri bu yolla onların qanunsuz əməllərinə göz yumulmasını gözləyiblər.
FED.az xəbər verir ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi bəhs olunan tikilinin onlar tərəfindən sökülmədiyini bildirib:
"SOCAR-ın Təhlükəsizlik İdarəsi neft kəmərlərinin mühafizə zonasında, neft mədəni ərazilərində xidmət aparır və qanunsuz tikililərə qarşı da mübarizə aparır. Lakin sözügedən videodakı neft mədəni ərazisi SOCAR-ın balansında deyil və həmin tikili SOCAR əməkdaşları tərəfindən sökülməyib. Ancaq istənilən halda hər bir vətəndaşın iradı mütləq şəkildə araşdırılmalı və müvafiq hüquqi qiymət verilməlidir. Sözügedən mübahisə də müvafiq əməliyyat şirkəti ilə vətəndaş arasında hüquqi yolla, məhkəməyə müraciət etməklə öz həllini tapmalıdır. Digər tərəfdən, son zamanlar cəmiyyətdə böyük ehtiram göstərilən şəhidlərin və milli qəhrəmanların şəkillərini əlində bayraq etməklə qanuna təzyiq göstərmək cəhdləri geniş yayılıb. Özü də bunu həmin qəhrəmanlarla heç bir qohumluq və s. əlaqəsi olmayan insanlar edir. Milli qəhrəmanların şəkli ilə qanunun icrasına mane olmaq həm qanuna, həm də milli qəhrəmanlarımıza qarşı bir hörmətsizlikdir. Bütün iradlar və mübahisələr ancaq qanun və məhkəmə yolu ilə öz həllini tapmalıdır". (Report)