2024-ci ildə Azərbaycanda mənzillərin qiyməti 10 faizə yaxın artıb. Ən çox bahalaşma yeni tikilən evlər üzrə olub.
Vüqar Oruc: "Kotlovan"dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb"
Rəsmi statistikaya görə, 2023-cü illə müqayisədə belə yaşayış sahələrinin qiyməti 11.3 faiz artıb. Köhnə mənzillərin dəyəri isə 9.8 faiz yüksəlib.
Maraqlıdır, bahalaşma 2025-ci ildə də davam edəcək?
FED.az xəbər verir ki, əmlak eksperti Ramil Qasımzadə hesab edir ki, torpaq bazarındakı bahalaşma və ipoteka kreditlərinin verilməsi həm yeni, həm də köhnə mənzillərin qiymətlərinin artmasına səbəb olacaq. Yeni tikililərdə mənzillərin bir kvadratmetrinin orta qiyməti 2500 manatı ötəcək.
Ekspert Elnur Azadov isə deyir ki, Bakı şəhərinin Baş planının təsdiq edilməsindən sonra, yəni 2024-cü ildə yeni binaların tikintisinə icazələrin sayı azalıb:
"2025-ci ilin ikinci yarısından tikinti layihələrinin icra olunmasına başlanılacağına ümid edirik. Tikinti şirkətlərinin arasında rəqabət olmasa, qiymət artımı qaçılmazdır".
İqtisadçı Vüqar Oruc mənzillərin qiymətindəki artımın 2025-ci ildə də davam edəcəyini bildirib. O hesab edir ki, bahalaşmanın səbəbi təkcə tələb və təkliflə deyil, eyni zamanda. makroiqtisadi proseslərlə əlaqədardır.
İqtisadçının sözlərinə görə, tikinti materialları bazarında gözlənilən qiymət artımı da mənzillərin bahalaşmasını qaçılmaz edəcək. Bundan başqa, inflyasiya və köhnə yaşayış binalarının sökülməsi prosesi mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək.