2022-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) mənfəəti 45,8% artaraq 20,5 milyon manata yüksəlib.
FED.az xəbər verir ki, bu barədə Fondun ötən ilki maliyyə hesabatında bildirilib.
İpoteka Fondunun xətti ilə - 44 366 İPOTEKA KREDİTİ VERİLİB
2022-ci ildə Fondun faiz gəlirləri 2021-ci ilə nisbətən 17,3% artaraq 66 milyon manata, faiz xərcləri isə 24,5% artaraq 35,5 milyon manata çatıb. İKZF-nin gözlənilən kredit zərəri 1,2 milyon manat təşkil edib. Haqq və komissiya gəlirləri 1,5 milyon manat, digər gəlirləri 1,3 milyon manat təşkil edib. Bu isə müvafiq olaraq 2,3% və 25,8 % çoxdur.
Bu dövrdə Fondun insan resursları üzrə xərcləri 6,9% artaraq 5,5 milyon manat, haqq və komissiya xərcləri 24% artaraq 1,3 milyon manat, inzibati və digər xərcləri isə 6,8% artaraq 4,8 milyon manata çatıb. Dövr üzrə mənfəət vergisi ödəməsi olmayıb.
İKZF 2022-ci ildə böyüməkdə davam edib. Belə ki, 2023-cü il yanvarın 1-nə Fondun aktivləri 19,3% artaraq 2,4 milyard manata bərabər olub. Fondun kredit portfeli isə 21% artaraq 1,7 milyard manata yüksəlib. Ötən il İKZF-nın öhdəlikləri 1,4 milyard manata çatıb ki, bu da bir il əvvələ nisbətən 25,3% çoxdur. Fondun buraxdığı qiymətli kağızların həcmi isə 1,37 milyard manat olub(26,7 % çox).
Hesabat dövrü üzrə Fondun balans kapitalı 1 milyard manat, o cümlədən nizamnamə kapitalı 893 milyon manat təşkil edib. Bu isə müvafiq olaraq 11,7% və 11,8% çoxdur. (Apa)