Bu gün paytaxtdan ölkənin şimal-qərb zonasına üz tutan investorların sayı artır.
Zaqatalanın əmlak bazarındakı vəziyyəti araşdıran FED.az xəbər verir ki, iş adamları burada fındıq, qoz bağları, balıq gölləri almağa üstünlük verirlər. Turistlərə xidmət məqsədilə əmlaklara yatırım edənlər də az deyil. Bu da Zaqatalanın əmlak bazarında ciddi canlanma yaradıb.
Eləcə də bax: Ərəblər İmişlidə kirayəni necə artırdı? – ƏMLAK BAZARI
Ağaclar daha qiymətlidir
Bakıdan və digər regionlardan gəlib burada biznes qurmaq istəyən iş adamları findıq, qoz bağları və balıq göllərinə üz tuturlar. Çünki bu sahələrdə istehsal edilən məhsullara yerli və xarici bazarda tələbat yüksəkdir. Deməli, qazancı da böyük olacaq.
Hərçənd tələbatın yüksək olması bağların baha olması demək deyil. Zaqataladakı rieltorların sözlərinə görə, qoz, findıq, şabalıb bağlarında qiymətlər torpağın sahsi ilə yanaşı, həm də sahədəki ağacların sayına görə müəyyən edilir.
Hesablamalara görə, 1 hektar ərazidə normal qaydada əkin apardıldıqda 120 fındıq ağacı yerləşdirilir. Həmin sahənin satış qiyməti 16-18 min manatdır. Başqa sözlə, 1 ağacın qiyməti 140-150 manat olur. Əgər 60 sot torpaqda 100 ağac olarsa, yenə də qiymət dəyişməyəcək. Həmin sahə 14-15 min manata satılacaq.
Eləcə də bax: Almaniyada əmlak saxlamaq neçəyədir? - MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Zaqatalada əmlak satışı ilə məşğul olan İsmayıl İsmayılov deyib ki, bu rayonda fındıqçılıq təsərrüfatları və bağları əsasən, Muxax, Danaçı, Tala kəndlərində, eləcə də 1 nömrəli sovxozun ərazisindədir: «Məsələn, indi Tala kəndində 100 ağacı olan fındıq bağı 16 min manata satılır».
Qoz və şabalıd bağlarının qiyməti fındıq bağı ilə müqayisədə daha yüksək olur. Çünki həmin ağacların yetişdirilməsi daha çox vaxt və əziyyət tələb edir. Əmlakçı bildirir ki, indi Zaqatalada qoz və şabalıd ağaclarının hər birinin qiyməti 200-300 manat arasında dəyişir. Bu hesabla, 120 ədəd qoz ağacı olan bağın qiyməti 25-30 min manat arasında ola bilər.
Balığın da öz dəyəri var
İnvestorlar Zaqatalada evlər, bağlarla yanaşı, süni balıq göllərinə də maraq göstərirlər. Sahəsindən və balıq olub-olmamasından asılı olaraq göllərin qiyməti müxtəlifdir. Məsələn, 2 hektar sahədə yerləşən və içində balıq olmayan 2 gölün qiyməti 25-30 min manatdır. Əgər göldə balıq olarsa, qiymət 2-3 dəfə bahalaşacaq və belə gölü 50-60 min manata almaq olar.
Qeyd edək ki, 1 balıq gölü yaratmaq üçün ən azı1 hektar torpaq sahəsi tələb olunur. Orada balıqların saxlanması, onlara qulluq edilməsi də böyük zəhmət və xərc tələb edir. Ona görə də qiymətləri digər sahələrlə müqayisədə bahadır. Məsələn, 3 hektar ərazidə yerləşən 3 balıq gölü 45 min manata satılır, amma onlardan yalnız birində balıq var. Balıq göllərini daha çox Bakıdan gələn iş adamları alırlar.
Kənd təsərrüfatı sahəsində çalışmaq istəyən iş adamları Zaqatalada hazır fermer təsərrüfatları da ala bilərlər. Qiymət torpağın sahəsi, üzərindəki tikililərin təyinatı və ölçüsündən asılıdır. Məsələn, 50 hektar sahəsi olan təsərrüfat 600 min manata satılır. Həmin ərazinin 20 hektarı fındıq bağıdır. Bir hissəsində isə alma bağı, heyvanlar üçün ferma, otlaq sahəsi yerləşir.
Zaqatala kənd təsərrüfatı torpaqları da bu il bahalaşıb. Ötən il belə torpaqların 1 hektarı 3 min manata satılırdısa, bu il qiymət 5-6 min manata qalxıb. Buna səbəb əkin sahələrinə çəkilən suvarma kanallarıdır. Başqa sözlə, həmin kanallara yaxın yerləşən əkin sahələri daha baha satılır. Su xətlərindən kənar ərazilərdə yerləşən sahələrdə isə torpağın 1 hektarı 4500 manatdır.
Turistlər ən çox bu kəndlərə gedir
İnvestorların marağını cəlb edən digər bir sahə kənd evləridir. Məlumdur ki, Zaqatala turistlərin ən çox üz tutduğu bölgələrdən biridir. Xüsusilə, yay aylarında burada turistik bölgələrdə kifayət qədər qonaq olur. Onların yerləşməsi və istirahətini təmin etmək üçün qonaq evləri kifayət etmədiyindən turistlərin bir hissəsi şəxsi evlərdə qalır. İ.ismayılov bildirib ki, Zaqatalaya gələn turistlər dincəlmək üçün əsasən Car, Matex və Mişleş kəndlərinə üz tuturlar. Turizm zonasında əhalinin dolanışığı da evlərin kirayəsindən çıxır, orta səviyyəli 2-3 otaqlı evlər turistlərə günü 50 manata kirayə verirlər. Evlər daha geniş və şəraitli olanda qiymətlər 70-100 manata qalxır. Xüsusilə, ailə ilə birgə istirahətə gələn turistlər daha komfortlu evlərdə qalmağa üstünlük verirlər. Onlara villalar təklif edilir ki, onların da günlük qiyməti 100 manatdır.
İnvestorlar da burada ev alaraq kirayə verməyə üstünlük verirlər. Məhz ona görə, rayon mərkəzindən 1 kilometr məsafədə yerləşməsinə baxmayaraq Car kəndində evlərin qiyməti Zaqatalanın mərkəzi ilə eynidir. Burada 4-5 sot həyətyanı sahəsi olan təzə tikili evi 40-45 min manata almaq olar.
Villaların qiymətinə təsir edən ən vacib məqam
Digər kəndlərdə isə həm torpaqlar, həm də evlər daha ucuzdur. Həmin ərazilərdə torpağın sotu 1000-1500 manata satılır.
Kəndlərdə ev satışı zəifdir, alıcılar yalnız həmin kənddə yaşayanlardır. Kənardan gələnlər kəndlərdə ev almaq istəsələr azı 10 sot torpaqda yeni tikilmiş kürsülü 3 otaqlı evi 35-40 min manata ala bilərlər.
Rayona yaxın kəndlərdə isə köhnə evləri alıb, söküb yerində yeni ev və ya obyekt tikirlər. Məsələn, 20 sot torpağı olan köhnə ev təqribən 25 min manata, yəni torpağın sotu 1200-1300 manata satılır. Əgər həmin evlər əsas ticarət mərkəzlərinin yerləşdiyi küçələrdədirsə, qiyməti baha olur. Rayondan xeyli kənarda yerləşən kəndlərdə isə torpağın sotu 500-600 manatdır.
Zaqatalada şəhərin mərkəzində və kəndlərdə villalar da satılır. Ancaq onların qiyməti tikinti xərcindən və torpağının sahəsindən deyil, yerləşməsi və mənzərəsinə görə dəyişir. Rieltorun sözlərinə görə, villalar yerindən asılı olaraq 110-180 min manata satılır.
Evlər niyə bahalaşır?
Ümumiyyətlə, Zaqatalada əmlak bazarında bu il canlanma var. İ.ismayılovun sözlərinə görə, 2 il əvvəl dolların məzənnəsinin qalxması ilə bağlı bazarda ciddi alıcı qıtlığı, durğunluq yarandı və qiymətlər ucuzlaşdı: «Ötən il də durğunluq vardı, amma bu il bazar canlanıb. Qiymətlər bahalaşsa da, satışlar 2 dəfə artıb. Əgər ötən il satışa çıxarılan əmlkaların 30%-i satılırdısa, bu il bu rəqəm 60%-ə qalxıb. Bu il Rusiyadan gələrək burada ev alanların sayı çox olub».
Bahalaşma daha çox həyət evlərinin qiymətlərində baş verib. Rieltor bunun səbəbini tikinti materiallarının bahalaşması ilə izah edib:
«Bu il tikinti materialları bahalaşıb, bu da evlərin tikinti xərcinə təsir edir. Ötən illə müqayisədə ev tikintisi xərcləri təxminən 4 min manat artıb. Hazır evlərin qiymətində isə hətta 10 min manata qədər bahalaşma olub. Məsələn, ötən il kubikin (mişar daşının) alışı 60-65 qəpik idi, bu il qiymət 80-90 qəpiyə alırıq. Taxtanın 1 kubmetrini 260-280 manata alırdıq, bu il 300-350 manata. Ona görə də evlərin qiyməti xeyli bahalaşdı».
Əgər ötən il 3-4 sot torpaqda yerləşən 3 otaqlı yeni tikilən həyət evi 34-35 min manata satılırdısa, bu il qiymət 45-50 min manata çatıb. 2 otaqlı evin qiyməti isə 2-3 sot torpaqla birgə 30-33 min manat arasında dəyişir. Halbuki, ötən il onlar 22-27 min manat olub.
Köhnə və yeni binalarda qiymətlər
Zaqatalada 2 yeni yaşayış binası inşa edilib. Onlardan birində mənzillərin 1 kvadratmetri 450 manat, digərində 500 manatdır. Həmin binalarda 56-58 kvadratmetrlik 1 otaqlı mənzillər təxminən 28-30 min manata satılır. Bu hesabla 2 otaqlı (sahəsi 65-70 kvadratmetr) mənzil 32- 35 min manata, 3 otaqlı mənzillər (sahəsi 100 kvadratmetr və daha artıq) isə 55-65 min manata başa gəlir.
Sovet dövründə və ötən əsrin 90-cı illərində tikilən köhnə binalardakı mənzillərin qiyməti nisbətən ucuzdur. Həmin binalarda 1 otaqlı təmirsiz mənzillər 16-18 min manata, orta təmirlilər isə 20-25 min manata satılır. Bu tipli 2 otaqlı mənzili 30 min manata, əla təmirlisini isə 40 min manata almaq olar. 2 otaqlı orta təmirsiz evlərin qiyməti 26-28 min manatdır. Orta təmirli 3 otaqlı mənzil 40-45 min manat, tam təmirli 50-55 min manata satılır. Mənzil təmirsiz olduqda isə 30-36 min manata almaq olar.
İ.İsmayılovun sözlərinə görə, Zaqatalada sakinlərin 2 və 3 otaqlı evlərə tələbatı daha çoxdur: «Bir otaqlı evlərin də alıcısı çox olur və tez satılır. Bəzən qiymətləri hətta 18-19 min manata da düşür. Həmin mənzilləri evə ehtiyacı olan adamlar və ya evi kirayə vermək istəynələr alır. İkincilər bu mənzilləri kirayə verirlər. Ümumiyyətlə, hazırda satılan mənzillərin çoxusu kirayə vermək üçün alınır. Alıcılar da daha çox Rusiyada yaşayan Zaqatala sakinləridir.
Mərtəbə fərqi qiyməti 2 dəfə bahalaşdırdı
Şəhərin mərkəzindəki binaların 1-ci mərtəbəsində yerləşən mənzillərin isə öz dəyəri var. Əsas ticarət mərkəzi olan Bayraq meydanında binaların ilk mərtəbəsindəki evləri alıb obyektə çevirirlər. Ona görə də onların qiyməti 2 dəfədən artıq bahadır. Məsələn, həmin ərazidə 1-ci mərtəbədə yerləşən 2 və 3 otaqlı evlər 60-70 min manata satıldığı halda, yuxarı mərtəbədə 2 otaqlı mənzil 30-35 min, 3 otaqlı mənzil isə 40-45 min manata satılır.
İ.İsmayılov deyir ki, Bayraq meydanına yaxın ərazilərdə həyət evləri də baha satılır. Çünki onların əksəriyyəti sonradan obyektə çevrilir: “Məsələn, şəhərin bu hissəsində “Qrata” Hotelin yanında 6 sot torpaq sahəsi olan kiçik həyət evi həyətdəki xırda obyektlə birgə 700 min manata satılır. Həmin əmlaklara qiymət müəyyən edilərkən evin ölçüsü önəmli deyil. Çünki onu söküb yerində obyekt tikəcəklər. Burada torpağın sahəsi və onun ticarət mərkəzində yerləşməsi daha önəmlidir”.
Digər ərazilərə gəlincə, Mərkəzdə Meydan adlanan yerdə 1 sot torpaq 8-10 min manat, Meydanın ətrafında 7-8 min manat, Azərbaycan prospekti, Bakı prospekti, M.Ə.Rəsulzadə prospektində 5-6 min manat, həmin ərazilərin ətrafında 4500-5000 manat, şəhərin çıxacağında – 1500-3000 manatdır.
Ən baha obyektlər bu ərazidədir
Yeri gəlmişkən, obyektlərin də qiyməti yerindən asılı olaraq dəyişir. Zaqatalada ən baha obyektlər əsas ticarət mərkəzi olan Bayraq meydanındadır. İ.İsmayılovun sözlərinə görə, burada obyektlərin 1 kvadratmetri 1000-1300 manata satılır. Məsələn, 100 kvadratmetrlik obyekti 100-120 min manata almaq olar. Avtovağzalın yaxınlıında isə 30 kvadratmetrlik obyektləri 40-50 min manata satırlar.
H.Z.Tağıyev küçəsində yerləşən həyət evlərinin qarşısında da obyektlər tikilib. Oradan 80 kvadrtametr sahəsi olan obyekti 70-80 min manata, böyük olduqda 100 min manata da almaq olar. Bazarın yaxınlığında isə kiçik ölçülü – 5-6 kvadratmetrlik mağazalar 8-10 min manata satılır.
Fındıq bağları, balıq gölü, köhnə həyət evləri – ZAQATALADA ƏMLAK NEÇƏYƏDİR?
22:35
9 İyun 2019