Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərini
daha əlçatan etmək üçün sosial kampaniyalarını müxtəlif formatda keçirir. Komitə “Əmlakını
qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində avqustun 9-da Yevlax
rayonunun Qoyunbinəsi kəndində səyyar qeydiyyat xidmətləri göstərib, elektron çıxarışın
hazırlanması üçün əmlaklara dair ilkin sənədlər yerindəcə toplanıb. Bu dəfə fərqli addım
atılaraq mobil qeydiyyat ofisləri birbaşa olaraq kəndli fermer təsərrüfatlarında olub.
Bu kənddə yerləşən fermer təsərrüfatlarında, əkin sahələrində çalışan 70-ə yaxın
sakindən ilkin sənədlər iş başındaca toplanıb. Bunlardan 35-i kənd təsərrüfatı sahələrinə, 25-i
fərdi yaşayış evlərinə, 10-u isə həyətyanı sahələrə aid olub.
Kəndlinin əmlaklarına dair sənədləri elə iş başındaca, heç bir yerə getmədən daha
rahat təqdim etməsi qeydiyyat xidmətlərinin sadələşməsindən, vətəndaşa daha yaxın
olmasından irəli gəlir. Bu kampaniya vətəndaşların vaxtını sərf edərək, uzun məsafə qət
etməklə rayon mərkəzlərinə, aidiyyəti qurumlara getməsinin qarşısını alır. Bu isə kənd
təsərrüfatı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmasına imkan
verir.
Kampaniyanın bilavasitə əkin sahələrində keçirilməsinin sosial əhəmiyyəti ilə yanaşı
iqtisadi faydası da var. Belə ki, kəndlinin işdən ayrılmadan sənədlərini təqdim etməsi onların
fəaliyyətinin stimullaşdırılmasına şərait yaradır. Komitə tərəfindən sosial əhəmiyyəti yüksək
olan bu aksiyanın Qurban bayramı ərəfəsində keçirilməsi isə vətəndaş razılığına səbəb olub.
Həmin gün yaxın ətrafda yerləşən digər kəndlərdən 50-ə yaxın vətəndaş mobil ofislərə
müraciət edib. Onlara elektron çıxarışın hazırlanması üçün lazım olan sənədlər barəsində
məlumat verilib, hüquqi yardım göstərilib.
Həmçinin sakinlər üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də
keçirilib. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirilib ki, artıq əmlaklara dair çıxarışlar
kağız formasında deyil, elektron qaydada əldə edilir. Həmin mülkiyyət sənədi şəxsin Elektron
hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə
və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın
reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.
Qeyd edilməlidir ki, mobil qeydiyyat ofisləri vasitəsilə cari ilin 6 ayı ərzində 40 minə yaxın
vətəndaşa xidmət göstərilib.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasında daha bir fərqlilik: fermer təsərrüfatlarında qeydiyyat xidməti göstərilib
12:27
9 Avq 2019