Nazirlər Kabineti «Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı»nın təsdiq edilməsi barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, sözügedən qərar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanuna bu ilin fevralın 13-də edilən dəyişikliklər və həmin qanunla bağlı dövlət başçısının fevralın 20-də imzaladığı fərmanı icra etmək məqsədi ilə qəbkl edilib. Baş nazir Novruz Məmmədovun imzaladığı qərarda bələdiyyələrin əmlakla bağlı məluma almalı olduğu hallar, məlumatın verilməsi, ödənişin məbləği və ödəniş edilməsi prosesi əksini tapıb. Qərara əsasən, bələdiyyələrin aldığı hər bir əmlak məlumatına görə, Daşınmaz Əmlakın Dövlət Reyestrinə 1 manat ödəniş ediləcək.
Qaydada deyilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 417 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı
1. Ümumi müddəa
1.1. Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı (bundan sonra – Qayda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydasını və bununla bağlı ödənişin miqdarını müəyyən edir.
2. Sorğu əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi
2.1. Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrindən aşağıdakı hallarda məlumatlar verilir:
2.1.1. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsinə uyğun olaraq, bələdiyyə tərəfindən torpaq sahəsinin mülkiyyətə ayrılması ilə əlaqədar həmin torpağın qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə;
2.1.2. fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədi ilə bələdiyyə ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış fiziki şəxslər, onların binanın sahəsindəki payları, mülkiyyətdə olan tikililərin və ya onların hissələrinin ölçüləri və ünvanı, həmçinin onların mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri, ünvanı və kateqoriyası barədə;
2.1.3. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinə uyğun olaraq əsaslandırılmış sorğular əsasında dövlət reyestrində saxlanılan digər məlumatlar barədə.
2.2. Bələdiyyə tərəfindən təqdim olunmuş əsaslandırılmış yazılı və ya elektron sorğular Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsi (bundan sonra - ərazi idarəsi) tərəfindən cavablandırılmaqla dövlət reyestrindən elektron qaydada, bu mümkün olmadıqda isə yazılı məlumatın verilməsi təmin edilir.
2.3. Bu Qaydanın 2.1.1-ci yarımbəndində göstərilən məlumatlar bələdiyyənin sorğusu əsasında 3 (üç) gün müddətində, 2.1.2-ci yarımbəndində göstərilən məlumatlar bələdiyyə ərazisində yerləşən bütün daşınmaz əmlakı əhatə etməklə bələdiyyənin sorğusu əsasında dövri olaraq hər il ən geci 1 iyun tarixinədək, onların tərkibində baş vermiş dəyişikliklər, həmçinin bu Qaydanın 2.1.3-cü yarımbəndində göstərilən məlumatlar isə 7 (yeddi) gün müddətində verilir.
2.4. Hüquq sahibinin yazılı və ya elektron sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında ərazi idarəsi tərəfindən bələdiyyəyə verilmiş arayışlar barədə yazılı və ya elektron bildiriş, sorğunun verildiyi gün iş vaxtı ərzində hüquq sahibinə göndərilir.
3. Məlumatın verilməsi müqabilində ödənişin miqdarı
3.1. Fiziki şəxslərin əmlak və torpaq vergisinin hesablanması və tutulması məqsədi ilə dövri olaraq sorğu əsasında hər il ən geci 1 iyul tarixinədək təqdim olunan daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının əldə edilməsi üçün bələdiyyə tərəfindən haqqında məlumat əldə edilən hər bir əmlaka və ya torpaq sahəsinə münasibətdə 1 (bir) manat xidmət haqqı ödənilməlidir.
3.2. Bu Qaydanın 2.1.1-ci və 2.1.3-cü yarımbəndlərində qeyd edilən məlumatların əldə edilməsi üçün bələdiyyə tərəfindən haqqında məlumat əldə edilən hər bir əmlaka və ya torpaq sahəsinə münasibətdə 1 (bir) manat xidmət haqqı ödənilməlidir.
3.3. Bələdiyyələrin sorğusu əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatlara görə bu Qayda ilə müəyyən edilən xidmət haqqından başqa, hər hansı digər ödənişlər tələb oluna bilməz.
4. Məlumatın verilməsi müqabilində ödənişin həyata keçirilməsi proseduru
4.1. Dövlət reyestrindən məlumatın əldə edilməsi üçün nəzərdə tutulan xidmət haqqının ödənişi elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə, həmçinin köçürmə yolu ilə həyata keçirilir. Xidmət haqqının ödənilməli olduğu ərazi idarəsinin hesabı barədə məlumat qeydiyyat orqanının rəsmi internet saytında yerləşdirilir.
4.2. Dövlət reyestrindən məlumatın əldə edilməsi üçün yazılı qaydada sorğu verilərkən, sorğuya xidmət haqqının ərazi idarəsinin hesabına ödənildiyini təsdiq edən sənəd əlavə olunur. Xidmət haqqı elektron ödəmə sistemləri, həmçinin internet vasitəsilə ödənildikdə, müvafiq ödəmə sistemindən çıxarış, köçürmə yolu ilə ödənildikdə, ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.
4.3. Dövlət reyestrindən məlumatın əldə edilməsi üçün elektron qaydada sorğu verilərkən, xidmət haqqı bələdiyyə tərəfindən real vaxt rejimində elektron formada ərazi idarəsinin hesabına ödənilir. Bu zaman xidmət haqqının elektron qaydada ödənilməsi imkanı ərazi idarəsi tərəfindən sistem vasitəsilə təmin edilir.
Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Bələdiyyələr üçün cəmi 1 manat olacaq – YENİ QƏRAR
09:14
29 Sen 2018