"Maksimum qısa müddət ərzində Bakı şəhərinin bütün binalarının dam örtükləri tamamilə standartlara cavab verməlidir".
FED.az "Marja"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən bildirib.
Eləcə də bax:Bakıda binaların istilik təchizatında - YENİLİK
"Dam örtükləri ilə bağlı vəziyyət necədir? Çünki qış yaxınlaşır. Bu məqsədlər üçün də ilkin olaraq Prezidentin ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb. Əlbəttə ki, bütün dam örtüklərini bu vəsaitlə təmir etmək mümkün deyil. Ancaq mən sizə göstəriş vermişdim ki, bu işləri planlı şəkildə görməliyik, illərə bölməliyik və maksimum qısa müddət ərzində Bakı şəhərinin bütün binalarının dam örtükləri tamamilə standartlara cavab versin. Hansı işlər görülüb və nə planlaşdırılır?"
Eldar Əzizov deyib: "Sizin Sərəncamınıza uyğun olaraq bu proses artıq Bakı şəhərində fəal surətdə həyata keçirilir. Şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulubdur. Biz inşaat materiallarını mərkəzləşdirilmiş qaydada alandan sonra danışıqlar apardıq və burada da qənaət yaranıbdır. Biz artıq 380 deyil, 420 binanın dam örtüyünü təmir edə biləcəyik. Şirkətlərlə danışıqlar aparılıb, Sizin tələbiniz çatdırılıb ki, ən keyfiyyətli materiallardan istifadə etmək vacibdir. Biz öz tərəfimizdən sakinlərin istək və arzularını nəzərə alaraq işin nəticələrini onların iştirakı ilə qəbul edəcəyik. Bu gün demək olar ki, artıq 150 damda işlər tamamlanıb və proses gedir. Noyabrın ortalarına qədər bütün bu işi qurtarmaq niyyətindəyik".