Son illər Bakıda torpaq sahələri syrətlə bahalaşır, nəticədə paytaxtın rayonları üzrə torpaq sahəsinin orta qiymət göstəriciləri bir birindən kəskin şəkildə fərqlənir.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Beynəlxalq Bankı – ABB-nin «Bakı şəhəri üzrə daşımaz əmlak bazarının təhlili» üzrə hesabatına istinadən xəbər verir ki, son 3 ildə torpaq sahəsinin orta qiymətində şəhər üzrə 50%-ə yaxın artımlar müşahidə edilib.
Belə ki, Bakıda 1 sot üçün orta qiymət 2021-ci ilin əvvəlində təqribən 21 min manat olub, 2022-ci ilin əvvəlində bu qiymət 18-19 min manata qədər azalıb, 2023-cü ilin sonunda isə 30 min manata çatıb. Başqa sözlə, son 2 ildə torpaqlar 50% bahalaşıb.
Hesabatdan aydın olur ki, torpaq sahəsinin orta qiymətinə əsasən Bakının rayonları 2 qrupa bölünür – qiyməti 35 min manatdan artıq və az olan rayonlar.
Paytaxtın 6 rayonunda - Nəsimi, Nərimanov, Yasamal, Xətai, Nizami və Səbaildə torpaqların qiymət 35 min manatdan artıqdır. Qiymətin ən bahalı olduğu ərazi Nəsmi rayonudur. Burada 1 sot torpağı 235-240 mni manata tapmaq olar.
Qiymətə görə, sonrakı yerdə gələn Nərimanovda 1 sot torpaq 180 min manat, Yasamalda isə 160 min manatdır.
Qeyd edək ki, əvvəlki dövrlə müqayisədə 2023-cü ildə ən kəskin qiymət artımı 43% olmaqla Nəsimi rayonundadır. Nərimanov rayonunda isə torpaq qiymətində 5% azalma qeydə alınmışdır.
Bakı və Abşeron rayonunu əhatə edən hesabata əsasən, 1 sot torpaq sahəsinin orta qiymətinin 35 min manatdan aşağı olduğu rayonlara əsasən şəhər kənarında olan rayonlar aiddir: Sabunçu, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ və Abşeron rayonları.
Ən ucuz torpaq rayonlar Qarabağ və Abşerondur – burada 1 sot torpağın orta qiyməti 7-10 min manat arasındadır.
Adı çəkilən rayonlar üzrə ən çox bahalaşma Sabunçu rayonunda qeydə alınmışdır – sotu 12 min manatdan 17 min manata, yəni 40%. Qaradağ rayonunda isə əksinə, torpaq qiymətində azalma baş verib.