Azərbaycanda daşınmaz əmlakla əməliyyatlarda mühüm yenilik başlayıb.
FED.az xəbər verir ki, artıq daşınmaz əmlakla bağlı istənilən əməliyyat üçün etibarnaməni «Mobil Notariat» tətbiqi vasitəsilə, internet üzərindən göndərmək mümkün olacaq.
Xatırladaq ki, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi «Mobil Notariat» tətbiqi notariat hərəkətlərinin rəqəmsallaşmasını təmin edir. İndiyədək bu tətbiq vasitəsilə müxtəlif notariat əməliyyatlarını internet üzərindən asanlıqla həll etmək mümkün idi. Bura etibarnamə verilməsi də aid idi, məsələn bu tətbiq vasitəsilə avtomobil və sair sahələr üzrə etibarnamələr vermək mümkün idi.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notarius Baş idarəsinin baş məsləhətçisi Zaur Həsənov FED.az-a bildirib ki, indiyədək etibarnaməni yalnız avtomobil və digər sahələrdə vermək olurdu: «Vəkillərə, banklarda təmsilçilik üçün və sair vermək olurdu».
Bir neçə gün əvvəldən başlayaraq isə daşınmaz əmlaküzrə etibarnamələri də «Mobil Notariat» tətbiqi vasitəsilə vermək mümkündür.
Artıq daşınmaz əmlaka sərəncam verilməsinə, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq və sair hərəkətlərin edilməsinə dair etibarnamələri də «Mobil Notariat» tətbiqi vasitəsilə rəsmiləşdirmək və göndərmək mümkündür. Vətəndaşlar özlərinə məxsus daşınmaz əmlaklar üzərində istənilən sərəncam hüququnu digər şəxsə etibar edə bilərlər. Özü də bu zaman vətəndaş etibarnaməni konkret hansısa əmlak və ya özlərinə məxsus bütün əmlaklar üzrə verə bilər.
Tətbiqə edilən bu yenilik Azərbaycanın daşınmaz əmlak bazarı üçün az qala inqilabi yenilikdir. Artıq milyonlarla əmlaka sahib olan ölkə vətəndaşlarının öz daşınmaz əmlakları – ev, mənzil, obyekt, torpaq sahəsi üzərində istənilən hərəkətləri etmək üçün fiziki olaraq iştirakına ehtiyac yoxdur.
Azərbaycan vətəndaşı əmlakı üzərində hansısa sərəncam verilməsi üçün, almaq, satmaq, bağışlamaq və s. üçün dünyanın istənilən yerindən "Mobil notariat" vasitəsilə başqa birisinə etibarnamə verə bilər.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notarius Baş idarəsinin baş məsləhətçisi Zaur Həsənov FED.az-a bildirib ki, indiyədək «Mobil notariat» tətbiqində daşınmaz əmlakla bağlı etibarnamələrin verilməməsi çətinliklər yaradırdı: «İndiyədək daşınmaz əmlakla bağlı bu imkan yox idi. Xüsusilə də xaricdə olanlar, və ya bölgədə əmlak satmaq istyənlər çətinliklə üzləşirdi, özləri getməyə məcbur olurdu, çünki bəzən etibarnaməni göndərmək çətin olurdu. İndi isə artıq tətbiq vasitəsilə bu əməliyyatı etmək - yəni etibarnamə vermək mümkündür. Mobil tətbiq vasitəsilə etibarnamə verildikdən sonra artıq notarius bu etibarnaməni sistemdə görür, onu çapa verir və əməliyyat aparır».
Daşınmaz əmlak avtomobil və digər məsələlərlə müqayisədə daha ciddi və həssas olduğuna görə, yeniliyin tətbiqində təhlükəsizlik məsələləri ciddi araşdırılıb: «Avtomatlaşdırılmış qaydada şəxsi eyniləşdimək, üz tanınması və sair məsələlər həll edilib».
«Mobil notariat» sistemi vasitəsilə etibarnamənin verilməsi prosesi belə baş verir: «Əmlakın sahibi (istənilən yerdən) tətbiq vasitəsilə etibarnaməni elektron formada yaradır və bu sənəd sistemə oturur. Etibarnamə verilən şəxs notariusa getdikdə istənilən notarius sistemə daxil olaraq etibarnaməni əldə edir, çapa verir və əməliyyatı aparır».
Artıq elektron etibarnamə vasitəsilə əmlakı alıb-satmaq, kirayə-icarəyə vermək, dəyişmək, bağışlamaq, girov qoymaq kimi, bütün əməliyyatları aparmaq mümkündür.
Zaur Həsənovun sözlərinə görə, bu yenilikdən sonra xaricdəki şəxslər də Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı və sair əməliyyat aparmaq üçün etibarnamə verə biləcəklər. «Məsələn kimsə Azərbaycanda ev almaq istəyir və ya buradakı evini satmaq və ya kiməsə bağışlamaq istəyir. Bunun üçün onun ölkəyə gəlməsinə və ya etibarnaməni yazıb göndərməsinə ehtiyac yoxdur – hər şey elektron formada həll edilir.
Yeri gəlmişkən, «Mobil notariat» tətbiqində daşınmaz əmlakla bağlı başqa bir yenilik də edilib. Z.Həsənovun sözlərinə görə, ailənin birgə əmlakı ilə əməliyyat aparmaq üçün ailə üzvlərinin ərizələrinin «Mobil notariat» vasitəsilə elektron qaydada qəbulu da elektronlaşıb. «Nəticədə hər hansı əmlakla əməliyyat aparanda ər-arvad və ya qeydiyyatda olan ailə üzvləri razılığı elektron formada verə biləcəklər. Təsəvvür edin ki, kimsə xaricdədir və əmlakla əməliyyat üçün onun rəyi tələb olunur, artıq onun ölkəyə gəlməsi və ya ərizəni hər hansı üsulla göndərməsi tələb olunmur, bu artıq elektron həkildə aparıla bilən əməliyyatdır. Bu sənəd notarium tərəfindən informasiya sistemi vasitəsilə elektron qaydada əldə edilərək müqavilə rəsmiləşdirilir».
Növbəti mərhələdə isə «Mobil notariat» vasitəsilə yalnız etibarnamə deyil, vətəndaşlar arasında real vaxtda alqı-satqı prosesini gerçəkləşdirmək imkanın yaradılması nəzərdə tutulur.