Azərbaycanda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 28,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Vergi ödəməyənlərin əmlakları hərraca çıxarıldı - SİYAHI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. 2024-cü ilin 9 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 459 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 5,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Eyni zamanda, cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahəsinə dair 2.571 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 23 milyon manat məbləğində vəsait ödənilib.
Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3.030 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 21% artıb.
Cari ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 28,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8% artım qeydə alınıb.