Paytaxt Bakıdan cəmi 2 saatlıq məsafədə yerləşən, bu gün ölkənin iqtisadi, siyasi, mədəni həyatında öz yeri olan Şirvan şəhərinin əmlak bazarı diğər bölğələrlə müqayisədə daha dinamikdir. FED.az «Daşınmaz Əmlak» jurnalına istinadən xəbər verir ki,
bu fəaliğa şəhərin inzibati ərazisinin böyüdülməsi qərarı da təsir göstərib.
Ölkə prezidentinin 27 avqust 2009-cu il tarixli 447 saylı sərəncamına əsasən Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi ilə Şirvan şəhərinin ərazisi 30 km2-dən 72,7 km2 qədər genişləndirilib. Bu isə yeni məskunlaşma, evlərin tikinitisi, iş yerlərinin açılması deməkdir.
Şirvan müasir sənaye şəhəridir. Ətrafında və bəzi ərazilərində neft və qaz çıxarılan bu şəhərə "neftçilər", "energetiklər" şəhəri də deyilir. Şəhərdə neft sənayesi müəssisələri, iri şirkətlərin fililallarının olması iş yerlərinin çoxluğuna və Şirvanın bölğədə mərkəzə çevrilməsinə səbəb olub.
Köhnə, yoxsa təzə şəhər?
Şirvan şəhəri əsasən iki hissədən ibarətdir. «Köhnə şəhər» kimi tanınan ərazidə daşınmaz əmlakın alqi-satqısı zəifdir. Ev alqı-satqısı ilə məşğul olan əmlakçıların sözünə görə, şəhərdə əsas alıcı kütləsi Rusiyada yaşayan həmyerlilərimizdir. Ümumiyyətlə Rusiya iqtisadiyyatında baş verən proseslər Şirvanın əmlak bazarına ciddi təsir göstərir. Maraqlıdır ki, qonşu rayonların – Sabirabad, Hacıqabul, Salyanın da sakinləri Şirvan əmlak bazarının fəal iştirakçılarından, mənzil alan zümrəsindəndir.
Şəhərdə 25 ildən artıqdır ev alqı-satqısı ilə məşğul olan Müşfiq Bağırov bildirir ki, satış faizi son iki ayda aşağı düşüb. «Əvvəlki illərdə ay ərzində 6-7 ev satırdım, son bir ayda 2 ev satmalarına seviniblər. Dekabrda isə bu rəqəm bir az yüksək olub»-deyən Müşfiq Bağırov 4 mənzil sata bilib.
Bir neçə il əvvəl həyət evlərinə, fərdi evlərə tələb daha çox idisə, hazırda bazarda bina evlərinin satışı üstünlük təşkil edir. Buna səbəb isə qaz və elektrik qiymətinin artımı ilə əlaqədar olaraq həyət evlərinin xərcinin daha çox olmasıdır. Bu vəziyyətdə bina mənzilləri daha qənaətcil variantdır.
«Əmlak satıcılığı» - prestijli işdir
Yeri gəlmişkən, əmlakçıların satışdan gəliri əslində elə də çox deyil. Həm alıcı, həm də satıcının hər birindən əmlakın qiymətinin cəmi 1 faizini alan əmlakçılar əksər hallarda təklif olunan daha az məbləğlə də kifayətlənirlər. Əmlak bazarının vəziyyətinə baxmayaraq burada «makler» kimi tanınmaq da prestij sayılır.
Hərçənd, son vaxtlar ev alqı-satqı bazarında maklerlərin böyük rəqibi peyda olub – əmlak sahibləri müştəri tapmaq üçün internetin imkanlarından getdikcə daha çox istifadə edirlər. Bəziləri ümumiyyətlə, maklerlərə müraciət etmədən, elanı internet elan saytlarına yerləşdirərək əmlaklarını satırlar.
Şirvanda evlərin qiyməti fərqlidir
Şirvan şəhərində evlərin qiyməti yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Bundan başqa evlərin qiyməti ev sahiblərinin şəxsi tələblərinə uyğun da müəyyən edilir. Umümilikdə isə əmlak bazarında qiymət artımı müşahidə olunur. 2018-ci ilin noyabr ayında şəhərdə 1 otaqlı mənzili 12-13 min manata almaq olurdusa, indi həmin mənzil 15-16 min manata təklif edilir. 2 otaqlı iç-içə olan mənzillər hazırda 23-25 min manata, “Daşkənd” layihəli eyni otaqlı mənzil isə 28-30 min manata deyilir. Ən ucuz evlər “Köhnə şəhər”də, bahalıları isə “Təzə şəhər”dədir. “Köhnə şəhər”də istismar müddəti başa çatmış 2 mərtəbəli binalarda 17 kvm sahəsi olan 1 otaqlı mənzilləri 10 min manata da almaq olar. Şəhərin mərkəzinə doğru ərazilərdə, məsələn, “Elit” ticarət mərkəzinin yaxınlığındakı binalarda 1 otaqlı mənzillərin qiyməti isə 20-22 min manat təşkil edir.
Son aylar qiymətlər yüksəlməkdədir
Şəhərdə 3 otaqlı mənzillərin qiyməti 35 min manatdan başlayır. Bir neçə ay əvvəl isə 30-32 min manata orta təmirli 3 otaqlı mənzilə sahib olmaq mümkün idi. 4-5 otaqlı mənzillərin qiyməti arasında isə elə də böyük fərq yoxdur. Təklif 42-47 min manat arasında dəyişir. Əmlakçı Müşfiq Bağırov qeyd etdi ki, hazırda bankda girovda olan 5 otaqlı mənzilini təcili 35 min manata satan da var. Mənzil alqı-satqısında 1 və 2 otaqlılar daha əlverişlidir. Qiymətin münasib və əlçatan olması səbəbindən əsas bazar bu mənzillərin üzərindədir. Binalar bir qayda və daimi olaraq elektrik enerjisi, qaz və su ilə təmin edilir.
Kirayə evlər və onların sakinləri
Şirvan şəhərində kirayə evlərə olan tələbat mənzil bazarının əsas təklif qüvvəsini təşkil edir. Əmlakçının sözlərinə görə, ev alqı-satqısından fərqli olaraq kirayə mənzil təklifləri bazarda coxluq təşkil edir. Gün ərzində hər bir əmlak ofisinə kirayə ev axtarışı ilə bağlı azı 2-3 müraciət daxil olur. Mərkəzdə 1 otaqlı boş, mebelsiz ev ayda 100 manata kirayəyə verilir, 2 otaqlı evlər isə 120-150 manata təklif edilir.
Zavod, kollec və liseylər əmlak qiymətinə təsir edib
Şəhərdə bir sıra sənaye obyektləri ilə bərabər, Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleci, türk özəl liseyinin fəaliyyət göstərməsi kənardan gəlib bura müvəqqəti yaşamalı olanların sayını artırır. Bu, kirayə mənzillərə olan tələbatı artıran başlıca amillərdəndir. Əmək haqları digər sahələrlə müqayisədə yüksək olan neft şirkətlərinin əməkdaşları daha komfortlu, hər şəraiti olan evləri kirayələməyə üstünlük verirlər. Məsələn, onların həyət evini ayda 700 manata kirayəyə götürmək imkanları da var.
Ev kirayələyən tələbələrin sayı olduqca azdır. Ezamiyyət üçün Şirvana gələnlərin əksəriyyəti otellərdə qalmağa üstünlük verdikləri üçün günlük kirayə evlər burda dəbdə deyil. Bununla belə şəhərə gələn istənilən şəxs bir günü 40 manatdan olan ev kirayələyə bilərlər.
Sağ tərəfdə torpaqlar daha bahadır
Diğər bölğələr kimi Şirvan şəhərində də torpaq sahələri var. Ərazidən asılı olaraq onları müxtəlif qiymətə almaq mümkündür. Şəhərin giriş hissəsində, sag tərəfdə torpaqlar daha bahadır: 1 sotu 2500-3000 manata.
Şirvan şəhərində məskunlaşmış məcburi köçkünlər üçün “Yeni Şirvan” məhəlləsinin salınmasının əmlak bazarında canlanma yaradacağı proqnozlaşdırılır. 9 mərtəbəli 13 yeni yaşayış binasının tikintisi, məktəb, uşaq bağçası, uşaq poliknikasının fəaliyyət göstərəcəyi yaşayiş massivinin bu ilin sentyabrında açılması ilə ərazidə həyətyanı sahələrin və mənzillərin qiymətinin artımı gözlənilir. Əmlakçıların bildirdiyinə görə, ərazidəki torpaqların qiyməti artıq indidən bahalaşmağa balayıb. Bir neçə ay əvvəl torpağın 6 sotu 5 min manat idisə, indi bu rəqəm 8-10 min manatadək qalxıb.
Kommersiya obyektləri
Şirvan şəhərində hazır tikili kommersiya obyektləri kifayət qədərdir. 12 sot sahəni əhatə edən 1 mərtəbəli, 500 kvm sahəsi olan obyekti 250 min manata almaq olar. Mərkəzin icində ayrıca gözəllik salonu, həmçinin kirayə verilməsi mümkün olan otaqlar mövcuddur. Rayonun mərkəzində Heydər Əlıiyev parkında 300 kvm sahədən ibarət 1 mərtəbəli iaşə təyinatli obyekti 200 min manata təklif olunur. Kommersiya obyektlərinin aylıq icarə qiyməti isə təmirsiz hər kvadratmetrə görə aylıq 4-5 manat, təmirli hər kvadratmetrə görə isə 7-9 manat arasındadır. Yəni iş qurmaq istəyən şəxs təmirsiz 30 kv metr sahəni icarəyə götürərək ayda cəmi 150 manat ödəməklə işini gerçəkləşdirə bilər.
Obyekti sifirdan tikmək imkanları da var. Bu halda öz layihəsi əsasında kommersiya obyekti tikmək istəyən iş adamı hər kv metr üçün 150-180 manat ödəyəcək. Zonalar üzrə qiymətin artması və azalması da mümkündür.
Yeni yolun açılması da əmlak bazarina təsir edəcək
Qeyd edək ki, Şirvan şəhərindən Bakı istiqamətində yeni yolun inşası bu iki şəhər arasındakı məsafəni azaltmaq və vaxta qənaət etmək imkanı yaradacaq. Yol istifadəyə veriləndən sonra Şirvandan Ələtə cəmi 40-45 dəqiqəyə gəlmək mümkün olacaq. Bu isə şəhərə gələnlərin sayına, dolayısı yolla da əmlak bazarına təsir göstərəcək.