«Apple»ın yeni «iPhone 17 Pro» (256 GB) modeli üzrə qiymət fərqləri ölkələr arasında rekord həddə çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Deutsche Bank Research»in hazırladığı «Dünya Qiymətləri Xəritəsi 2026» hesabatı göstərir ki, araşdırmanın əhatə etdiyi 41 bazar arasında smartfonun ən yüksək qiyməti Türkiyədə, ən aşağı qiyməti isə Yaponiyada qeydə alınıb.
Hesabata əsasən, Türkiyədə «iPhone 17 Pro»nun satış qiyməti ABŞ-dakı qiymətdən 2,19 dəfə yüksəkdir. Başqa sözlə, Türkiyədə istehlakçılar eyni modeli ABŞ-la müqayisədə 119% daha baha alırlar. Bu göstərici araşdırmaya daxil edilən ölkələr arasında ən yüksək nəticə hesab olunur.
Avropada qiymət fərqləri
Araşdırma Avropa ölkələri arasında da ciddi qiymət fərqlərinin olduğunu göstərib.
Avropada ən aşağı qiymət İsveçrədə qeydə alınıb. Bunun əsas səbəblərindən biri ölkədə əlavə dəyər vergisinin (ƏDV) cəmi 8,1% olmasıdır. Halbuki İsveçrə ümumilikdə yüksək qiymət səviyyəsinə malik ölkə hesab olunsa da, aşağı vergi yükü «iPhone»un daha münasib qiymətə satılmasına imkan yaradır.
Avropada Türkiyədən sonra ən bahalı ölkələrdən biri Macarıstandır. Burada ƏDV-nin 27% olması smartfonun qiymətini əhəmiyyətli dərəcədə artırır.
Dünyada ən ucuz «iPhone» harada satılır?
Hesabata görə, ABŞ-dan daha ucuz iPhone almağın mümkün olduğu yeganə ölkə Yaponiyadır. Ekspertlər bunu əsasən iki amillə izah edirlər: yapon yeninin zəif məzənnəsi və yerli bazarda qiymət siyasəti.
Bundan başqa, Cənubi Koreyada da qiymətlər ABŞ-la demək olar ki, eyni səviyyədədir. Hesabat müəllifləri bunu Samsung ilə güclü daxili rəqabətin nəticəsi kimi qiymətləndirirlər.
Türkiyə niyə rekord həddə bahadır?
Hesabatda vurğulanır ki, Türkiyədə qiymətlərin rekord həddə yüksəlməsinin bir neçə səbəbi var. Onlardan yüksək vergi yükü, idxal və gömrük rüsumları, milli valyutanın (lirə) dəyərsizləşməsi daxildir. Xüsusilə Xüsusi İstehlak Vergisi (ÖTV) «iPhone» qiymətlərinə ciddi təsir göstərən əsas amillərdən biri kimi göstərilir. Bundan əlavə, telefonu xaricdən alan şəxslər belə, Türkiyədə istifadə edə bilmələri üçün yüksək IMEI qeydiyyat rüsumu ödəməli olurlar ki, bu da ümumi xərci əhəmiyyətli dərəcədə artırır.
Braziliya və Misir də bahalı ölkələr sırasındadır
Türkiyədən sonra dünyanın ən bahalı bazarı Braziliya (2 260 dollar) hesab olunur. Misirdə isə bu qiymət 1 872 dollar təşkil edir. Hesabat müəllifləri qeyd edirlər ki, xüsusilə Türkiyə və Braziliya nümunələri göstərir ki, vergilər, gömrük tarifləri və milli valyutanın zəifləməsi eyni məhsulun qiymətini dünya üzrə kəskin şəkildə dəyişə bilir.
Azərbaycanda Misirdən daha bahadır
«Deutsche Bank Research»ın araşdırmasında yer almasa da, Azərbaycanda da qiymətlər kifayət qədər yüksəkdir. Belə ki, hazırda ölkədə mağazalarda «iPhone 17 Pro» (256 GB) modeli üzrə qiymət 3 280 – 3 290 manat civarındadır. Bu da, hazırki məzənnə ilə 1 930 dollar deməkdir. Yəni «iPhone 17 Pro» (256 GB) modeli dünyada Türkiyə və Braziliyadan sonra ən baha Azərbaycanda satılır.
Son 10 ildə ABŞ-la Avropa arasındakı fərq böyüyüb
Araşdırmada diqqət çəkən məqamlardan biri də odur ki, son on ildə Avropa ilə ABŞ arasındakı qiymət fərqi daha da artıb.
2017-ci ildə satışa çıxarılan «iPhone 7» ilə müqayisədə hazırda «iPhone 17 Pro» üzrə Avropa ölkələrinin əksəriyyətində qiymətlər ABŞ bazarına nisbətən daha sürətlə yüksəlib. Bu isə vergi siyasəti, valyuta məzənnələri və idxal xərclərinin texnologiya məhsullarının qiymətlərinə təsirinin getdikcə gücləndiyini göstərir.
Hesabat bir daha göstərir ki, «iPhone» kimi qlobal məhsulların qiyməti yalnız istehsalçı şirkətin müəyyən etdiyi satış qiymətindən asılı deyil. Son qiymətə ölkələrin vergi sistemi, gömrük siyasəti, valyuta məzənnələri və bazardakı rəqabət mühiti həlledici təsir göstərir.
Aşağı vergi dərəcələri və sabit valyutaya malik ölkələrdə eyni məhsul daha əlçatan olur. Əksinə, yüksək vergi yükü, idxal rüsumları və milli valyutanın zəiflədiyi bazarlarda istehlakçılar eyni smartfon üçün iki dəfəyədək artıq vəsait ödəməli olurlar. Bu baxımdan, «Deutsche Bank Research»in hesabatı qlobal texnologiya bazarında qiymət formalaşmasının əsas determinantlarının məhz fiskal və makroiqtisadi amillər olduğunu bir daha ortaya qoyur.
«iPhone 17 Pro» (256 GB) modeli üzrə qiymətlər:
- Türkiyə: 2 592 dollar
- Braziliya: 2 260 dollar
- Azərbaycan: 1 930 dollar
- Misir: 1 872 dollar
- Macarıstan: 1 826 dollar
- Norveç: 1 687 dollar
- Meksika: 1 657 dollar
- İsveç:1 601 dollar
- Polşa: 1 588 dollar
- Çexiya: 1 585 dollar
- Finlandiya: 1 578 dollar
- Yunanıstan: 1 566 dollar
- Portuqaliya: 1 566 dollar
- İrlandiya: 1 554 dollar
- İtaliya: 1 554 dollar
- Danimarka: 1 553 dollar
- Belçika: 1 543 dollar
- Niderland: 1 543 dollar
- Fransa: 1543 dollar
- İspaniya: 1 531 dollar
- Almaniya: 1 508 dollar
- Avstriya: 1 508 dollar
- Lüksemburq: 1 492 dollar
- Böyük Britaniya: 1 476 dollar
- Hindistan: 1 427 dollar
- Avstraliya: 1 413 dollar
- Səudiyyə Ərəbistanı: 1 386 dollar
- İsveçrə: 1 385 dollar
- Yeni Zelandiya: 1 370 dollar
- Sinqapur: 1 364 dollar
- Malayziya: 1 352 dollar
- Tailand: 1 350 dollar
- Çin: 1 332 dollar
- Vyetnam: 1 330 dollar
- Filippin: 1 326 dollar
- Kanada: 1 291 dollar
- BƏƏ: 1 279 dollar
- Tayvan: 1 264 dollar
- Honq Konq: 1 200 dollar
- Cənubi Koreya: 1 181 dollar
- ABŞ: 1 181 dollar
- Yaponiya: 1 121 dollar












