"Cəmi üç il ərzində insanların 53 faizi artıq süni intellektdən istifadə etməyə başlayıb. Bu, olduqca böyük göstəricidir. Nə internet, nə də kompüter texnologiyaları bu qədər qısa müddətdə insanlara belə sürətlə nüfuz edə bilmişdi. Eyni zamanda, proqnozlara görə, süni intellekt qlobal ÜDM-in 7 faiz artımına səbəb ola bilər".
Süni intellekt 2028-ci ilə qədər insanları bütün sahələrdə üstələyəcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKBA) İcraçı direktoru Rauf Cabarov Bakıda keçirilən 2-ci Süni İntellekt Zirvəsində deyib.
Onun sözlərinə görə, yalnız iqtisadi prizmadan süni intellektin gətirəcəyi dəyəri anlamaq bizə onun həyatımızı nə dərəcədə dəyişəcəyini göstərəcək:
"Bu gün investisiya dünyasında süni intellektlə bağlı ikili yanaşma mövcuddur. Bir tərəfdən, süni intellekt böyük həcmdə investisiya cəlb edib. «Möhtəşəm yeddilik» adlandırdığımız Google, Microsoft, Amazon, Nvidia və digər texnologiya nəhənglərinin bazar dəyəri təxminən 20 trilyon dollara yaxındır. Bu, həddindən artıq böyük rəqəmdir. Bəzi yanaşmalara görə, bu, bir köpükdür və gec-tez partlayacaq.
Nəticə etibarilə, 2000-ci illərin əvvəllərində də «dotcom» inqilabı baş vermişdi. Həmin dövrdə internet yeni yaranırdı, insanlar ondan istifadə etməyə başlayır və hamı internetin dünyanı dəyişəcəyini deyirdi. Nəticədə, internet həqiqətən də dünyanı dəyişdi. Bu gün kommersiya və digər fəaliyyətlərimizin böyük hissəsinin əsasında internet dayanır. Lakin 2000-ci illərdə həmin texnologiya ətrafında yaranan investisiya dalğası, əslində, köpük idi.
Bəs bu gün süni intellektlə bağlı müşahidə etdiyimiz vəziyyət də bir köpükdürmü? Texnologiya sahəsində çalışan mütəxəssislər də bilirlər ki, böyük dil modelləri (LLM) əslində süni intellektin bütün potensialını və dəyərini əks etdirən modellər deyil".
İcraçı direktor əsas ideyasının süni intellektin yaratdığı iqtisadi dəyərin başa düşülməsi olduğunu qeyd edib:
"Təəssüf ki, bu gün həmin iqtisadi dəyəri tam şəkildə ölçmək və anlamaq mümkün deyil. Bununla belə, müəyyən göstəricilərə nəzər saldıqda süni intellektin həyatımızı hansı miqyasda dəyişdirdiyini görə bilərik.
Digər tərəfdən, hazırda investisiya mühitində müzakirə olunan ən mühüm məsələlərdən biri Anthropic şirkətinin IPO vasitəsilə, yəni səhmlərini fond bazarında yerləşdirməklə birjaya çıxmasıdır. Şirkətin bu prosesdən sonra bazar dəyərini 1,4 trilyon dollara çatdıracağı ilə bağlı gözləntilər mövcuddur. Təsəvvür edirsinizmi, söhbət nə qədər böyük məbləğdən gedir? Bəs Anthropic həqiqətən də belə bir dəyərə sahibdirmi? Bu şirkətin real bazar dəyəri həmin səviyyəyə çata bilərmi? Əgər bu potensial reallaşarsa, deməli, gələcək iqtisadiyyatın bilavasitə süni intellekt üzərində qurulacağı ehtimalı daha da güclənəcək.
Təəssüf ki, bu suallara hazırda konkret cavab verə bilmirəm. Mən sadəcə olaraq mövcud faktları diqqətə çatdırıram. Lakin öz şirkətlərimizə və biznes mühitinə gəldikdə, hər birimiz süni intellektin yaratdığı məhsuldarlıq effektini düşünməliyik. Onun fəaliyyətimizə hansı səmərəliliyi qazandırdığını və iş proseslərimizi necə təkmilləşdirdiyini başa düşməliyik".













