Nvidia-nın yeni rəhbəri kimdir? – “Huanq onsuz heç nə etmirdi”
ABŞ-ın texnologiya nəhəngi Nvidia-nın qurucusu Censen Huanqın (Jensen Huang) qəfil istefasından sonra şirkətin maliyyə direktoru Kolet Kress (Colette Kress) müvəqqəti baş icraçı direktor təyin edilib. 13 ildən artıqdır şirkətdə çalışan Kress dünyanın ən dəyərli çip istehsalçısına rəhbərliyi son illərin ən ciddi korporativ böhranlarından birinin yaşandığı dövrdə üzərinə götürür.
Huanqı işdən çıxarmaq üçün toplaşırlar - Xəyanəti ifşa olundu
FED.az xəbər verir ki, ABŞ mətbuatının və Nvidia-nın rəsmi məlumatlarına görə, şirkətin Direktorlar Şurası daimi baş icraçı direktorun seçilməsi prosesinə başlayıb. Bu vəzifə üçün həm şirkətdaxili, həm də xarici namizədlər nəzərdən keçirilir.
Kolet Kress Nvidia-ya 2013-cü ilin sentyabrında qoşulub və həmin vaxtdan şirkətin maliyyə direktoru vəzifəsində çalışır.
O, Nvidia-dan əvvəl Cisco, Microsoft və Texas Instruments kimi iri texnologiya şirkətlərində maliyyə sahəsində müxtəlif rəhbər vəzifələr tutub.
Kress Nvidia-da çalışdığı müddətdə şirkətin maliyyə strategiyasının formalaşdırılmasında, kapitalın idarə edilməsində və sürətli böyüməsinin maliyyə baxımından təmin olunmasında mühüm rol oynayıb.
O, həmçinin Nvidia-nın rüblük maliyyə nəticələrinin açıqlanması zamanı investorlar və analitiklərlə aparılan müzakirələrin əsas iştirakçılarından biri olub. Kress uzun illər Censen Huanqla birlikdə şirkətin maliyyə göstəricilərini təqdim edib və bazar iştirakçılarının suallarını cavablandırıb.
“O, sadəcə maliyyə direktoru deyil”
Yorkville Ives & Co. şirkətinin analitiki Den Ayvs (Dan Ives) CNBC-yə bildirib ki, Nvidia daxilində Kolet Kress qədər böyük nüfuza malik başqa rəhbər şəxs yoxdur. Analitik hesab edir ki, Kressin şirkətdəki rolu adi maliyyə direktorunun səlahiyyətlərindən xeyli geniş olub.
Ayvsin sözlərinə görə, onu maliyyə direktorundan daha çox əməliyyat direktoru (COO) kimi qiymətləndirmək olar. O qeyd edib ki, Censen Huanq mühüm strateji qərarları Kressin iştirakı olmadan qəbul etməyib.
Analitikin fikrincə, müştərilərlə münasibətlər, tərəfdaşlıqlar, texnologiyalar və şirkətin ümumi inkişaf strategiyası ilə bağlı əsas məsələlərdə Kressin iştirakı olub.
Ayvs onu çoxfunksiyalı İsveçrə bıçağına bənzədərək Nvidia-nın müxtəlif fəaliyyət istiqamətlərini dərindən bildiyini vurğulayıb.
CNBC-nin söhbət etdiyi Nvidia-nın təxminən on əməkdaşı və Kressin keçmiş iş yoldaşları da onu peşəkar, məlumatlı, düşünülmüş qərarlar qəbul edən və çətin vəziyyətlərdə soyuqqanlılığını qoruyan rəhbər kimi xarakterizə ediblər.
Nvidia-nın gələcək rəhbərliyi üçün ciddi sınaq
Kolet Kress şirkətə olduqca həssas dövrdə rəhbərlik etməyə başlayır. 1993-cü ildə Nvidia-nın həmtəsisçilərindən biri olmuş Censen Huanq şirkətin 33 illik tarixində onun əsas simasına çevrilib. Huanq yalnız baş icraçı direktor deyil, həm də Nvidia-nın texnoloji strategiyasının müəyyənləşdirilməsində birbaşa iştirak edən rəhbər kimi tanınıb. O, şirkətin prioritet layihələri ilə bağlı qərarları şəxsən qəbul edib, hətta mühəndislərlə texniki məsələlər barədə birbaşa yazışmalar aparıb.
CNBC-nin məlumatına görə, Nvidia-da uzun müddət aydın şəkildə müəyyənləşdirilmiş ikinci rəhbər fiqur olmayıb. Bu idarəetmə modeli Censen Huanqın qəfil istefasından sonra şirkətin gələcək rəhbərliyi ilə bağlı sualları artırıb.
Futurum Group-un baş icraçı direktoru Daniel Nyuman (Daniel Newman) bildirib ki, Kolet Kress Nvidia-nın biznes modelini dərindən anlayır və şirkətə güclü sədaqəti ilə seçilir.
Onun fikrincə, bu keyfiyyətlər Kressin mövcud böhran şəraitində şirkətə rəhbərlik etməsi baxımından mühüm üstünlükdür.
Nvidia səhmləri 14% ucuzlaşıb
CNBC-nin məlumatına görə, Censen Huanqın istefasının elan olunduğu cümə axşamı Nvidia səhmləri 14% dəyər itirib. Şirkətin səhmləri ardıcıl altıncı həftəni də ucuzlaşma ilə başa vurmaq istiqamətində hərəkət edir. Bu, 2012-ci ildən bəri ən uzun həftəlik eniş seriyası ola bilər.
Səhmlərə təzyiq yalnız şirkətdəki rəhbərlik böhranı ilə məhdudlaşmır.
Süni intellekt infrastrukturuna yatırılan böyük investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar, eləcə də ABŞ-da aralıq seçkilərindən sonra yaranmış siyasi və iqtisadi qeyri-müəyyənliklər də texnologiya şirkətlərinin bazar qiymətləndirmələrinə təsir göstərir.
Yeni rəhbərin ilk açıqlaması
Kolet Kress müvəqqəti baş icraçı direktor təyin edilməsindən sonra verdiyi açıqlamada Nvidia-nın gələcəyinə inamını ifadə edib. O bildirib ki, şirkətin əsas gücü əməkdaşlarıdır və rəhbərlik komandası ilə birlikdə Censen Huanqın son 33 ildə yaratdığı möhkəm təməl üzərində inkişafı davam etdirməyə çalışacaq.
Kress Nvidia-nın sürətləndirilmiş hesablama və süni intellekt texnologiyalarında liderliyini qorumaq üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Onun sözlərinə görə, şirkətin əsas diqqəti müştərilərə, tərəfdaşlara, proqram təminatı tərtibatçılarına və səhmdarlara yönələcək.
Nvidia-nın Direktorlar Şurasının sədri Harvi Cons (Harvey Jones) da Kressə tam etimad göstərildiyini bildirib.
Consun sözlərinə görə, onun şirkətin biznesini, müştərilərini, əməliyyatlarını və maliyyə vəziyyətini dərindən bilməsi keçid dövründə fəaliyyətin fasiləsiz davam etdirilməsi baxımından əhəmiyyətlidir.
Bütün diqqətlər noyabrın 17-də açıqlanacaq maliyyə nəticələrindədir
Nvidia noyabrın 17-də 2027-ci maliyyə ilinin üçüncü rübü üzrə nəticələrini açıqlamağı planlaşdırır. Bu hesabat Censen Huanqın istefasından sonra şirkətin təqdim edəcəyi ilk rüblük maliyyə nəticələri olacaq. nvestorların diqqəti təkcə gəlir və mənfəət göstəricilərinə deyil, həm də yeni rəhbərliyin gələcək strategiya, süni intellekt çiplərinə tələb və kapital xərcləri barədə verəcəyi açıqlamalara yönələcək.
Nvidia-nın rəsmi məlumatına görə, maliyyə nəticələri noyabrın 17-də ABŞ-ın Sakit okean vaxtı ilə saat 13:20-də, investorlarla konfrans isə saat 14:00-da keçiriləcək.















