Bu ilin ilk 8 ayında Azərbaycandan 41 milyon dollar həcmində 642 min 640 ton sement ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 9,4 milyon dollar və ya 29,9%, miqdar ifadəsilə isə 131 min 745 ton, başqa sözlə 25,8% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 31,6 milyon dollar dəyərində 510 min 895 ton sement ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi sementin 1 kiloqramının orta ixrac qiyməti 11 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10,5 qəpik idi. Bu da illik müqayisədə cüzi bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 0,24%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,71%-i sementin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,17% olub.