SOCAR bir neçə ildən sonra Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında ikinci hasilat platformasını tikib istismara verməyi planlaşdırır.
Eləcə də bax: Azərbaycan qaz ixracını bir ildə - 45% Artırıb
FED.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, "Ümid-2" saylı platformanın layihələndirmə işləri hazırda davam edir: "Yatağın şimal qanadının tam miqyaslı işlənməyə cəlb edilməsi üçün "Ümid-2" saylı platformanın layihələndirmə işləri hazırda davam edir. Platformanın bir neçə il sonra tikilib istismara verilməsi nəzərdə tutulur", - İ. Əhmədov qeyd edib.
"Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.
Xatırladaq ki, 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd." şirkəti və "Umid, Babek Exploration & Production" şirkəti arasında müqavilə imzalanıb. (Apa)