Avropada təbii qazın qiyməti çərşənbə günü birjada hərracların açılışında 21% artaraq 1000 kubmetr üçün 1350 dollardan yuxarı qalxıb.
Eləcə də bax: Rublla ödəniş etmədiyinə görə, Rusiya bu ölkələrə - QAZ SATIŞINI DAYANDIRIR
FED.az xəbər verir ki, London ICE birjasının məlumatına görə, təbii qaz Rusiya qazının Polşa və Bolqarıstana tədarükünün dayandırılması ilə bağlı xəbərlər fonunda bahalaşıb.
May fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1374 dollara yüksəlib (MVt/saat üçün 125 avro). Bundan sonra qazın qiyməti 1250 dollardan aşağı düşüb.
Bundan əvvəl Rusiyanın “Qazprom” şirkəti Bolqarıstanın “Bulgargaz” şirkəti və Polşanın “PGNiG” şirkətlərinə rublla ödənişin vaxtında aparılmaması səbəbindən qazın nəqlini tamamilə dayandırdığını bəyan edib.
Aprelin 26-da "Qazprom" Polşa və Bolqarıstanın idxalçı şirkətlərinə rus rublu ilə yekun hesablaşmalardan imtina etdiklərinə görə aprelin 27-dən qaz nəqlinin dayandırılması barədə bildiriş göndərib.
Martın 23-də Rusiya prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan ölkələrə ixrac üzrə ödənişlərin rubla köçürülməsi barədə göstəriş verib. O, bəyan edib ki, Rusiya Federasiyası dollar və avroda ödənişləri qəbul etməkdən imtina edəcək.
Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə Rusiya qazının Polşaya tədarükü 9,4% artaraq 10,58 milyard kubmetr təşkil edib. Ötən il Bolqarıstana tədarüklər iki dəfə artıb - 3,15 milyard kubmetrə qədər.
Polşa hər il təxminən 20 milyard kubmetr qaz istifadə edir. Varşava Rusiya qazından xilas olmağın yolunu ABŞ və Qətərdən mayeləşdirilmiş təbii qaz almaqla, həmçinin Norveç şelfindən qaz tədarük etməklə tapdığını bildirir. (Marja)