Rəsmi Bakının Ermənistanla münaqişənin həlli ilə bağlı planları iki ölkənin xarici işlər nazirinin görüşünün nəticəsindən asılı olacaq.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev iyulun 15-də keçirilən müşavirədə bildirib:
«Ermənistan tərəfi rəsmi Bakının təkliflərini qəbul etsə də, hələ ki, konkret addımlar yoxdur. Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir».
İlham Əliyev deyib ki, görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın: «Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər».
«Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Ancaq bu meyili görməmək də mümkün deyil. Ona görə biz xəbərdarlıq edirik. Hərə də bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın. Bu məsələ ilə bağlı hələlik bu qədər. Çox da dərinə getmək istəmirəm. Yenə də deyirəm, biz xarici işlər nazirlərinin sabahkı görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik».