Azərbaycanda dövlət müəssisələrinə və şirkətlərinə dövlət nəzarəti getdikcə sərtləşməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət başçısı nəzarəti həyata keçirməyi Maliyyə Nazirliyinə həvalə edib və artıq bu sahədəki dəyişikliklər – nazirlik həyata keçirdiyi sərt tədbirlər görünməkdədir.
Bu sahədə görülən işlər və sair məsələlər noyabrın 13-də Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında müzakirə edilib.
Kollegiyada dövlət müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.
İclasda Sahil Babayev dövlət qurumlarfında maliyyə nəzarətinin həyata keçirilməsi üzrə işləri sadalayıb. Bu sahədə əsas addımlardan biri dövlət müəssisələrinin maliyyə vəziyyətinin araşdırılmasıdır. Bu il birinci rübdə 10, ikinci rübdə isə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb. Hazırda daha 35 müəssisənin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilməkdədir.
İclasda bildirilib ki, bu dövrdə Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi fəaliyyətə başlayıb və artıq dövlət qurumlarından hesabatların toplanmasına başlanılıb.
Maraqlı tədbirlərdən biri odur ki, dövlət müəssisələrinin xalis mənfəətinin ən azı 30 faizi dövlət büdcəsinə yönəldiləcək.
Bundan başqa, nazirlik dövlət qurumlarına nəzarəti gücləndirmək və birbaşa nəzarət etmək üçün dövlət müəssisələrinin müşahidə və himayəçilik şuralarında Maliyyə Nazirliyinin nümayəndələrini daxil etməyə başlayıb. Hazırda 40-a yaxın dövlət müəssisəsinin şuralarında Nazirliyin nümayəndələri yer alıb.
İclasda dövlət müəssisələrinin borclanması məsələsi də müzakirə edilib. Bildirilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borcalmaları üzrə ölkə üzrə ümumi borc limiti müəyyən ediləcək. Yəni bütün qurumların aldığı ümumi borc bu limiti keçməməlidir.













