Azərbaycanda xurma ixracı ilə bağlı bir sıra problemlər yaranıb. Həm Ağdaşda, həm də Göyçayda fermerlər məhsulun alış qiymətinin aşağı olmasından və ixrac bazarlarının məhdudluğundan şikayətlənirlər. Onlar dövlətin dəstəyini, həm yeni ixrac bazarlarının tapılmasını, həm də məhsulların alınmasına kömək göstərilməsini gözləyirlər.
Problemin həlli istiqamətində hansı işlər görüldüyü barədə FED.AZ biznes və maliyyə xəbərləri portalı kənd təsərrüfatı naziri Məcnun Məmmədova sual ünvanlayıb.
Məcnun Məmmədov saytımıza bildirdi ki, ixrac tamamilə biznes fəaliyyətidir və dövlət biznes fəaliyyəti ilə məşğul olmur, dövlət istehsalı təşviq edir və fermerlərə istehsalın maksimum dərəcədə artırılması üçün dəstək göstərir:
"Bu istiqamətdə cənab Prezidentin imzaladığı sərəncama əsasən, artıq ixrac logistikası xərclərinə də dəstək verilir. Belə ki, logistika xərclərinin 70 faizə qədəri dövlət tərəfindən qarşılanır. Bu imkanlar mövcuddur. Lakin özəl sektor da həmin imkanlardan istifadə edərək müvafiq bazarlara çıxmalı, yeni bazarlar axtarmalıdır. Əlavə olaraq qeyd edim ki, Subsidiya Şuranın qərarına əsasən, 2027-ci ildən beynəlxalq məhsul sertifikatlarının alınması da dövlət tərəfindən maliyyələşdiriləcək. Beləliklə, fermerlər istehsalın təşviqi ilə yanaşı, logistika və sertifikatlaşdırma istiqamətlərində də dövlət dəstəyi alacaqlar. Söhbət Global G.A.P., ISO və orqanik məhsul sertifikatları kimi beynəlxalq standartlardan gedir".
Bütün bu dəstək mexanizmlərinin özəl sektorun məhsullarını dünya bazarına çıxarmasına xidmət etdiyini bildirən nazir bununla belə, özəl sektorun da öz üzərinə düşən funksiyaları yerinə yetirməli olduğunu qeyd edib.
"Xurmanın ixrac bazarlarına gəldikdə isə, Azərbaycan üçün ənənəvi bazar Rusiyadır. Ötən il Türkiyə bazarına da ixrac həyata keçirilib, lakin bu il həmin istiqamətdə ixrac olmayıb. Bunun əsas səbəblərindən biri Türkiyədə şaxtalar nəticəsində məhsuldarlığın aşağı düşməsi olub", - deyə, nazir əlavə edib.
Kənd təsərrüfatı naziri bildirib ki, digər istiqamət isə Yaxın Şərq bazarıdır:
"Bildiyiniz kimi, İranda baş verən hadisələr bu bazara da müəyyən mənada mənfi təsir göstərib.
Eyni zamanda, Çin bazarına çıxış istiqamətində də işlər aparılır. Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyinin sədrinin Çinə səfəri baş tutub. Daha sonra mənim də səfərim olub. Həmin səfər çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracı məsələləri müzakirə edilib və bu istiqamətdə işlər davam etdirilir".













