Azərbayanda bu gün açılmış ipoteka kreditləri limitləri və onların alınması ilə bağlı rəsmi məlumat yayılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” MMC ipoteka limitləri ilə bağlı rəsmi məlumat yayıblar.
Məlumatda deyilir ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılıb və 13 noyabr saat 15:00-dan etibarən müraciətlərin qəbuluna başlanalıb.
Məlumatda deyilir ki, limitlər vətəndaşlara Mygov portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən ayrılıb. Bu prosesin şəfaf və problemsiz baş tutması üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin də iştirakı ilə sistemdə təhlükəsizlik testləri keçirilib.
Bu dəfə ilk dəfə olaraq ipoteka kreditləşməsi prosesində vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiq ediblər. Yəni ipoteka krediti üçün müraciəçt edən hər bir şəxs «SİMA» vasitəsilə video görüntü açaraq şəxsiyyətini təsdiq etməli olub.
Qeyd edək ki, İpoteka Fondu bu yeniliyi (kredit götürəndə videogörüntü tələb olunacağını) əvvəlcədən elan etmişdi. Məqsəd odur ki, bu proses yalnız kredit alan şəxslər tərəfindən həyata keçirilsin və burada haker və ya digər şəxslər iştirak etməsin.
İpoteka Fondu bildirir ki, ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə təqdim olunması nəticəsində əhali arasında bu kreditlərə yüksək tələb yaranıb. Belə ki, elan edilmiş vaxtda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində ipoteka krediti əldə etmək üçün 1393 şəxsin (ümumi müraciət sayı 6848) müraciəti qeydə alınıb.
«Hazırda ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir»-deyə birgə məlumatda bildirilir.















