Azərbaycanda əmək bazarına nəzarət edən dövlət qurumu – Dövlət Əmək Müfəttişliyi sahibkarlara və şirkətlərə yazılan cərimələrin məbləğini gizlədir.
Son iki ayda gecikdirilmiş 108 min manatdan çox vəsait işçilərə ödənilib
FED.az xatırladır ki, müfəttişlik ölkə ərazisində, Bakıda və regionlarda müxtəlif səbəblərdən dövlət və özəl qurumlara cərimələr tətbiq edir. Bəzi hallarda bu cərimələrin məbləği minlərlə və ya on minlərlə manata çatır.
Bununla yanaşı, Müfəttişlik ölkə qanunvericiliyini pozaraq, dövlət qurumu olmasına baxmayaraq, cərimələrin məbləğlərini açıqlamır, cəmiyyətdən gizlətməyə çalışır.
FED.az biznes və maliyyə xəbərləri portalı ölkədə biznes və maliyyə sektorunu, xüsusilə də kiçik və orta biznesi, onların problemlərini, bu sahəyə dövlət dəstəyini və bizneslə dövlət qurumları arasındakı münasibətləri ardıcıl şəkildə işıqlandırır.
Sahibkarlarla ünsiyyət zamanı iş adamlarına cərimə tətbiq edən qurumlardan biri olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti qeyd edilir. Amma Müfəttişlik özəl və dövlət sektoruna tətbiq etdiyi cərimələrin məbləğini, iş adamlarının hansı səbəbdən cərimələndiyini və toplanan cərimələrin məbləğini açıqlamaqdan yayınır.
FED.az-ın bununla bağlı Müfəttişliyə ünvanladığı ətraflı sorğuya cavab olaraq qurum yalnız sahibkarlara yazılan cərimələrin sayını açıqlayıb. Məbləğləri isə yenidən gizli saxlamağa üstünlük verib.
Müfəttişliyin cavabında deyilir ki, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət edən Dövlət Əmək Müfəttişliyi tərəfindən əmək qanunvericiliyinin pozulması halları aşkar edildikdə, təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar.
Bu çərçivədə 2024-cü ildə 2 665, 2025-ci ildə 6 897, 2026-cı ilin ilk 9 ayı ərzində isə 9 246 inzibati xəta üzrə tədbir görülüb.
Başqa sözlə, 2024-cü illə müqayisədə 2025-ci ildə yazılan cərimələrin sayı (məbləğləri gizlədilir) 4 000 ədəd və ya 2,6 dəfə artıb. 2026-cı ildə isə hələ 9 ayın nəticələrinə görə, sahibkarlara 9 246 cərimə yazılıb ki, bu da 2025-ci illə müqayisədə 2 dəfə, 2024-cü illə müqayisədə isə təqribən 5 dəfə artıqdır.
FED.az biznes və maliyyə xəbərləri portalı Əmək Müfəttişliyini dövlət qurumu olaraq ictimai şəffaflıq öhdəliklərinə əməl etməyə və aşkar etdiyi əmək qanunvericiliyinin pozulması halları üzrə tətbiq edilən cərimələrin məbləğini və bununla bağlı detalları açıqlamağa çağırır.













